DÇ-2026-da tarixi rekord: Bir gündə 281 mindən çox azarkeş

17 İyun 2026 16:36
140
DÇ-2026-da tarixi rekord: Bir gündə 281 mindən çox azarkeş

FIFA DÇ-2026-da bir gün ərzində qeydə alınan tamaşaçı sayına görə dünya çempionatları tarixinin rekordunun yeniləndiyini açıqlayıb.

İdman.Biz ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 16 iyunda keçirilən dörd qrup matçını stadionlardan ümumilikdə 281 223 azarkeş izləyib.

Həmin gün Fransa - Seneqal, İraq - Norveç, Argentina - ƏlcəzairAvstriya - İordaniya qarşılaşmaları təşkil olunub.

Fransa Nyu-York/Nyu-Cersi stadionunda Seneqalı 3:1, Norveç Bostonda İraqı 4:1, Argentina Kanzas-Sitidə Əlcəzairi 3:0, Avstriya isə San-Fransisko Bay Area stadionunda İordaniyanı 3:1 hesabı ilə məğlub edib.

Əvvəlki rekord 28 iyun 1994-cü ildə qeydə alınmışdı. Həmin gün keçirilən dörd dünya çempionatı matçını ümumilikdə 277 070 tamaşaçı izləyib.

FIFA-nın məlumatına görə, turnirin ilk altı günündə stadionlara 1 309 652 azarkeş gəlib. Hər qarşılaşmaya orta hesabla 65 483 tamaşaçı düşüb.

Qurum DÇ-2026-nın qrup mərhələsi başa çatanadək 1994-cü ildə müəyyənləşdirilmiş 3,5 milyonluq ümumi tamaşaçı rekordunun da yenilənə biləcəyini bildirib.

İdman.Biz