Milli Qurtuluş Gününə həsr olunmuş 29-cu ”Şahin” hərbi-idman oyununun final mərhələsi bu il ”Gənclər Paytaxtı” Goranboy rayonunda keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Ümüdvar Quliyev və digər qurumların məsul şəxsləri iştirak ediblər.
Yarışdan öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsinə kimi hərbi orkestrin müşayiəti ilə dövlət bayrağı ilə yürüş təşkil edilib.
Rəsmi açılışdan sonra oyunlara start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində təhsil alan şagirdlər arasında keçirilən ”Şahin “ hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar.
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışının ardınca mükafatlandırma mərasimi təşkil olunub. Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası birinci, Nizami rayonunun komandası ikinci, İsmayıllı rayon komandası isə üçüncü yerə layiq görülüblər.
Tədbir Milli Qurtuluş Gününə həsr olunan konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.
