Rusiya çempionu 50 dollara görə adam öldürüb - FOTO

16 İyun 2026 15:53
78
Rusiya çempionu 50 dollara görə adam öldürüb - FOTO

Sərbəst güləş üzrə Rusiya çempionu İssa Zangiyev Vladiqafqazda 18 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı saxlanılıb.

İdman.Biz xəbər verir ki, 18 yaşlı idmançı ilə yanaşı, münaqişənin daha üç iştirakçısı da hüquq-mühafizə orqanları tərəfindən tutulub. Saxlanılan şəxslərin 17-22 yaş arasında olduğu bildirilir.

Hadisə iyunun 13-dən 14-nə keçən gecə Vladiqafqazın meşə-park ərazisində baş verib. Məlumata görə, Timur Sakayev borcu olan dostuna dəstək olmaq üçün onunla birlikdə görüş yerinə gedib.

Tərəflər arasında 50 dollar (təxminən 81 manat) borca görə başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Qarşıdurma zamanı iştirakçılardan biri tapançadan atəş açaraq Sakayevi ağır yaralayıb.

Hadisədən sonra şübhəlilər avtomobillə ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

“Baza”nın məlumatına görə, atəş açmaqda şübhəli bilinən şəxs ilkin ifadəsində əməlini etiraf edib. Şimali Osetiya üzrə İstintaq Komitəsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açdığı bildirilir.

İssa Zangiyev 2025-ci ildə 80 kq çəki dərəcəsində U-17 Rusiya birinciliyinin qalibi olub. O, həmin il Afinada keçirilən dünya birinciliyində bürünc medal qazanıb.

İdman.Biz