Azərbaycan voleybol millisi İspaniyada büdrədi - YENİLƏNİB

14 İyun 2026 22:28
943
Azərbaycan voleybol millisi İspaniyada büdrədi - YENİLƏNİB

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniyada təşkil olunan ikinci turun son matçında meydan sahibi İspaniya millisi ilə qarşılaşıb.

Görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya yığması ilk setdə 25:19 hesabı ilə üstün olub. Azərbaycan millisi ikinci hissədə 25:22 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib. Lakin növbəti iki setdə 25:19 və 25:23 hesabları ilə üstün olan İspaniya yekun qələbəni qazanıb.

Beləliklə, millimiz ikinci turu bir qələbə və bir məğlubiyyətlə başa vurub. Komandamız bu mərhələdə Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib, İspaniyaya isə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, üçüncü turun oyunları 19-21 iyunda Şimali Makedoniyada keçiriləcək. Bu mərhələdə Azərbaycan millisinin rəqibləri İsrail və İsveçrə yığmaları olacaq.

10:19

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Liqasında növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələdə meydan sahibləri ilə üz-üzə gələcək.

“Pabellon Pedro Ferrandiz” İdman Sarayında keçiriləcək İspaniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib. İspaniya yığması da ilk görüşündə Şimali Makedoniya üzərində eyni hesabla qələbə qazanıb.

İdman.Biz