Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Benyamin Cəfər Aşofteh Mayvanla qarşılaşıb. Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İbrahim Həsənov yarışa Gürcüstan təmsilçisi Giorgi Narimanidze üzərində 4:2 hesablı qələbə ilə başlayıb. O, dörddəbir finalda hindistanlı Qovind Qovindi 10:3, yarımfinalda isə rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.
Gənclər və İdman naziri Fərd Qayıbov təltifetmə mərasimindən sonra güləşçimizlə selfi çəkdirərək onu sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, 27 iyul-2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında Azərbaycan yeddi medal qazanıb: dörd gümüş, üç bürünc medal.
Yunan-Roma güləşində üç gümüş və üç bürünc medal qazanılıb. Gümüş medalları Əli Cavadlı, Abdurrahman Hüseynli və İsfahan Həsənov, bürünc medalları Ömər Salmanov, Elmir Çərkəzov və Orxan Həbibli əldə ediblər.
Sərbəst güləşdə İbrahim Həsənov gümüş medal qazanıb. Qadın güləşində isə medal olmayıb.



10:02
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında 51 kq çəki dərəcəsində dünən finala yüksəlib.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda İbrahim Həsənov ilk görüşündə Gürcüstan təmsilçisi Giorgi Narimanidzeyə 4:2 hesabı ilə qalib gəlib. Azərbaycan güləşçisi dörddəbir finalda Hindistan təmsilçisi Qovind Qovindi 10:3 hesabı ilə məğlub edib.
Həsənov yarımfinalda Rusiya təmsilçisi İslam Kuraxmayev üzərində 10:6 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.
51 kq çəki dərəcəsində qızıl medal görüşü bu gün saat 18:00-da başlayacaq. İbrahim Həsənov finalda İran təmsilçisi Benyamin Vayvanla üz-üzə gələcək.
Foto: İslam Atakişiyev
