İtaliya voleybolunun əfsanəsi: “Azərbaycan voleybolunun inkişafına töhfə verəcəyəm” - MÜSAHİBƏ

3 Avqust 2026 17:19
101
İtaliya voleybolunun əfsanəsi: “Azərbaycan voleybolunun inkişafına töhfə verəcəyəm” - MÜSAHİBƏ

İtaliya voleybolunun ən tanınmış simalarından biri olan İvan Zaytsev karyerasında yeni səhifə açıb. “Rio-2016” Yay Olimpiya Oyunlarının gümüş medalçısı, Avropa çempionatlarının mükafatçısı və CEV Çempionlar Liqasının finalçısı olmuş təcrübəli voleybolçu yeni mövsümdən “Ordu”nun formasını geyinəcək.

Azərbaycan klubuna keçidi ilə bağlı ilk açıqlamalarını AZƏRTAC-a müsahibəsində verən 37 yaşlı Zaytsev yeni çağırışdan, Azərbaycan kişi voleybolu ilə bağlı ilk təəssüratlarından, “Ordu” ilə hədəflərindən, gənc voleybolçuların inkişafına töhfə vermək istəyindən və karyerasının ən yaddaqalan məqamlarından danışıb.

Həmin müsahibəni təqdim edirik.

- "Ordu" klubuna keçidiniz necə baş tutdu?

- Karyeramın bu mərhələsində uzun illər çıxış etdiyim çempionatlardan fərqli liqada oynamaq mənim üçün böyük motivasiyadır. İnanıram ki, insan həm şəxsiyyət, həm də idmançı kimi yalnız yeni çağırışlarla inkişaf edə bilər. Komfort zonasından çıxmaq, özünü fərqli mühitdə sınamaq hər zaman irəliyə doğru atılmış addımdır. Məhz buna görə də "Ordu" voleybol klubunun mənim üçün doğru seçim olduğuna qəti əmin oldum.

- Uzun illərdir yüksək səviyyədə çıxış edirsiniz. Azərbaycan voleybolu ilə bağlı ilk təəssüratlarınız necə oldu?

- Etiraf edim ki, kişi voleybolu haqqında əvvəllər çox geniş məlumatım yox idi. Ancaq Azərbaycan qadın voleybolunun bir neçə il əvvəl qazandığı uğurları və burada formalaşmış peşəkar mühiti çox yaxşı xatırlayıram. Bu ölkə artıq voleybolda böyük layihələr həyata keçirə bildiyini sübut edib. Ümid edirəm ki, indi kişi voleybolu da eyni inkişaf yolunu keçəcək və mən də bu prosesin bir hissəsi olaraq Azərbaycanda bu idman növünün yüksəlişinə öz töhfəmi verəcəyəm.

- Olimpiya Oyunlarının, Avropa çempionatının və CEV Çempionlar Liqasının mükafatçısı olduqdan sonra sizi hələ də oynamağa həvəsləndirən səbəb nədir?

- Mən voleybola ürəkdən bağlıyam. Rəqabət hissini, oyunun ritmini, komanda ilə birlikdə yaşanan emosiyaları sevirəm. Hər dəfə meydana çıxanda eyni həyəcanı hiss edirəm. Paltardəyişmə otağındakı atmosfer, komanda ruhu və birlikdə mübarizə aparmaq hissi mənim üçün hələ də əvəzolunmazdır. Məhz bu hisslər məni hər gün daha yaxşı olmağa sövq edir.

– Bu mövsüm "Ordu" ilə həm komanda, həm də şəxsi baxımdan hansı hədəflərə çatmağı qarşıya məqsəd qoymusunuz?

- İlk məqsədimiz qısa müddətdə komandanın oyun sistemini formalaşdırmaq və yüksəksəviyyəli voleybol oynayan kollektiv yaratmaqdır. Biz yeni qurulmuş komandayıq və əvvəlcə öz oyun kimliyimizi tapmalıyıq. Bundan sonra isə hədəfimiz mümkün qədər az məğlub olmaq, hər oyunda daha da güclənmək, meydançada oynadığımız voleyboldan zövq almaq və tribunaları dolduran azarkeşlərə baxımlı, mübariz və keyfiyyətli voleybol təqdim etməkdir.

- Təklif gələrkən Azərbaycan klubu haqqında məlumatınız var idimi? Qərar verməzdən əvvəl burada oynayan hər hansı voleybolçu və ya məşqçi ilə məsləhətləşmisiniz?

- Açığı, əvvəllər bura haqqında çox məlumatım yox idi. Ancaq danışdığım hər kəs Bakıda həyat keyfiyyətinin yüksək olduğunu, klubun isə çox ciddi və iddialı layihəyə sahib olduğunu söylədi. Klub rəhbərliyi ilə ilk görüşlərimizdən etibarən onların enerjisini, ehtirasını və böyük məqsədlərini hiss etdim. Çox qısa zamanda anladım ki, bu layihə sadəcə növbəti transfer deyil, karyeramın yeni və çox maraqlı mərhələsidir.

- Təcrübəli voleybolçu kimi gənc nəslin inkişafına həm meydanda, həm də meydandan kənarda necə töhfə verməyi düşünürsünüz?

- Uzun illər ərzində həm milli komandada, həm də klub səviyyəsində topladığım təcrübənin gənclər üçün faydalı olacağına inanıram. Dünyanın müxtəlif ölkələrində məni izləyərək voleybola başlayan insanlar var. Amma onların gördüyü yalnız nəticə idi. O nəticənin arxasında isə illərlə davam edən zəhmət, intizam, fədakarlıq, uğursuzluqlar və yenidən ayağa qalxmaq dayanır. Mən istəyirəm ki, gənclər bu yolu da görsünlər. Elə buna görə də İtaliyada 12–22 yaşlı uşaqlar və yeniyetmələr üçün "Ivan Zaytsev” Voleybol Akademiyasını yaratdım.

- Karyeranıza nəzər saldıqda, hansı nailiyyətinizlə daha çox qürur duyursunuz?

- İdmanda hər zaman qalib gəlmək mümkün deyil. Mən heç vaxt uğuru yalnız kuboklar və medallarla ölçməmişəm. Mənim üçün əsas məqsəd voleybola dəyər qatmaq, bu idmanı məndən sonrakılar üçün daha yaxşı vəziyyətə gətirməkdir. Bununla belə, bir məqamı xüsusi qeyd etməli olsam, “Rio-2016” Yay Olimpiya Oyunları karyeramın ən önəmli dönüş nöqtələrindən biri olub.

- Azərbaycan voleybolsevərlərinə hansı mesajı vermək istərdiniz?

- Ən vacib xüsusiyyət fədakarlıqdır. Uğur təsadüfən gəlmir və heç kim zirvəyə bir gündə yüksəlmir. Bəzən dostlarından, ailənlə keçirəcəyin vaxtdan, şəxsi rahatlığından imtina etməli olursan. Hər məşqdə özündən maksimumu tələb etməli, zalı tərk edərkən dünənkindən cəmi 0,1 faiz də olsa daha yaxşı olduğuna inanmalısan. Məhz bu kiçik addımlar illər sonra böyük fərq yaradır.

- Son illər bir çox tanınmış voleybolçu yeni çempionatlara üstünlük verir. Sizcə, Azərbaycanın Avropanın daha güclü voleybol liqalarından birinə çevrilmək potensialı varmı?

- Azərbaycan artıq idmanda böyük uğurlar qazana bildiyini dəfələrlə sübut edib. Qadın voleybolunun bir neçə il əvvəl qazandığı nailiyyətlər bunun ən gözəl nümunəsidir. İnanıram ki, indi həmin təcrübə kişi voleybolunun inkişafına da xidmət edəcək və Azərbaycan yaxın gələcəkdə bu sahədə də Avropanın diqqət mərkəzində olacaq.

- Komandanız mövsümün sonunda hansı nəticəni qazansa, bunu özünüz üçün uğur hesab edəcəksiniz?

- Ümid edirəm ki, məşqçilər heyəti və komanda yoldaşlarımla birlikdə qarşılıqlı hörmətə, etimada və qalib ruhuna əsaslanan əsl ailə mühiti formalaşdıra biləcəyik. Mövsüm boyu bizi dəstəkləyəcək azarkeşlərə hər oyunda mübarizə, ehtiras və keyfiyyətli voleybol bəxş etmək istəyirik. Ən böyük məqsədimiz isə mümkün qədər az məğlub olmaq, ölkə çempionluğu uğrunda sonadək mübarizə aparmaq və Avropa kuboklarında "Ordu" Voleybol Klubunu layiqincə təmsil etməkdir.

İdman.Biz