Şotland azarkeşləri Bostonu pivəsiz qoydu

17 İyun 2026 16:21
102
Şotland azarkeşləri Bostonu pivəsiz qoydu

Şotlandiya millisinin azarkeşləri DÇ-2026 zamanı ABŞ-nin Boston şəhərində diqqət mərkəzinə düşüblər.

İdman.Biz xəbər verir ki, “Tartan ordusu” kimi tanınan şotland tərəfdarların kütləvi şəkildə bar və restoranlara üz tutması şəhərdə pivəyə tələbatı kəskin artırıb.

“Sam Adams” şirkətinin Boston restoranında cümə axşamından bazar gününədək adi dörd günlük bayram dövrü ilə müqayisədə dörd dəfə çox pivə satılıb. Ehtiyatın tükənməsi səbəbindən müəssisə təcili əlavə məhsul sifariş etməli olub.

Şəhərin bəzi barlarında isə pivənin tamamilə qurtardığı bildirilir. Ayrı-ayrı məkanların gəliri Bostonun ən böyük bayramlarından biri sayılan Müqəddəs Patrik günündəki göstəricini də bir neçə dəfə üstələyib.

Bu arada Boston rəhbərliyi dünya çempionatı müddətində bar və restoranların iş vaxtının müvəqqəti uzadılmasına icazə verib. Müvafiq lisenziyaya sahib müəssisələr iyulun sonunadək gecə saat 03:00-a qədər fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Massaçusets ştatında şəhər və rayonlara müəyyən ərazilərdə açıq havada spirtli içki qəbuluna icazə verilən xüsusi zonalar yaratmaq səlahiyyəti də verilib.

Qeyd edək ki, Şotlandiya millisi DÇ-2026-nın C qrupunun ilk turunda Haitini 1:0 hesabı ilə məğlub edib. Bu, komandanın dünya çempionatlarında 36 ildən sonra qazandığı ilk qələbə olub.

İdman.Biz