Dünya Qadın Seriyası: “Neftçi SOCAR” 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB

15 Avqust 2026 19:12
1 127
Dünya Qadın Seriyası: “Neftçi SOCAR” 1/4 finala vəsiqə qazanıb

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının "Sea Breeze"də keçirilən mərhələsində 1/4 finala vəsiqə qazanıb.

İdman.Biz-in məlumatına görə, paytaxt təmsilçisi B qrupunda İspaniyanın "Arrasate Ointxe" klubunu (12:10) və Çinin "Yanjinq" kollektivini (21:13) məğlub edib.

Komandanın 1/4 finaldakı rəqibi İspaniyanın "Madrid" klubu olacaq.

Azərbaycan millisi isə Ukrayna (5:14) və Misir (7:21) yığmalarına uduzaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, 16 komandanın mübarizə apardığı turnirdə 1/4, yarımfinal və final matçları avqustun 16-da olacaq.

12:09

Bakıda keçirilən 3x3 basketbol üzrə Qadınlar Dünya Seriyasının 20-ci mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, “Sea Breeze”də təşkil olunan yarışda Azərbaycan millisi və Bakı təmsilçisi “Neftçi SOCAR” da iştirak edib.

A qrupunda təsnifat mərhələsindən mübarizəyə başlayan millimiz ilk görüşündə Ukrayna ilə qarşılaşıb. Komandamız 5:14 hesabı ilə məğlub olub.

Azərbaycan millisi ikinci oyununda Misirlə üz-üzə gəlib. Bu qarşılaşmada da rəqib üstün olub – 7:21.

Beləliklə, hər iki görüşdə məğlub olan Azərbaycan millisi əsas mərhələyə yüksələ bilməyib.

“Neftçi SOCAR” isə əsas mərhələdə B qrupunda İspaniyanın “Arrasate Ointxe” və Çinin “Yanjing” komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcək. Pley-off görüşləri avqustun 16-da keçiriləcək.

09:38

Bu gün Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, 15-16 avqust tarixlərində “Sea Breeze” istirahət mərkəzində keçiriləcək turnirdə 16 milli və klub komandası mübarizə aparacaq.

Azərbaycan millisi də yarışda iştirak edəcək. Yığmamız əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün təsnifat oyunlarında qüvvəsini sınayacaq.

Millimiz ilk oyununu bu gün saat 10:00-da Ukraynaya, ikinci qarşılaşmasını isə 10:50-də Misirə qarşı keçirəcək.

Azərbaycanı klub səviyyəsində təmsil edən “Neftçi SOCAR” isə əsas mərhələdə B qrupunda yer alıb. Komanda ilk görüşündə saat 15:50-də İspaniyanın “Arrasate Ointxe”, daha sonra isə 17:40-da Çinin “Yanjinq” klubu ilə qarşılaşacaq.

Qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Turnirin 1/4 final, yarımfinal və final oyunları 16 avqustda keçiriləcək.

Qeyd edək ki, yarışın oyunlarını İdman TV və FIBA 3x3-ün rəsmi "YouTube" kanalı vasitəsilə canlı izləmək mümkündür.

İdman.Biz