“Hazırda oyunçu dəyişikliyi ilə bağlı qəti qərarımız yoxdur”.
Bu sözləri FIBA Avropa Kubokunda mübarizə aparan “LANDAU Lions” basketbol komandasının baş məşqçisi Erhan Toker AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- FIBA Avropa Kubokunun yeddinci turunda Slovakiya təmsilçisi “Prievidza”ya xal fərqinin az olduğu qarşılaşmada (93:97) məğlub oldunuz. Oyunu necə dəyərləndirirsiniz?
- Bu, qrupdan çıxmaq baxımından son şansımız idi. Qələbə qazansaydıq, bəlkə də növbəti mərhələyə yüksəlmək üçün möcüzənin ardınca gedə bilərdik. Lakin məğlubiyyətdən sonra artıq qrupdan çıxmaq imkanımızın qalmadığı bəlli oldu. Mövsümün əvvəlindən bəri zədələrlə bağlı problemlər yaşayırıq. Əvvəlcə Edvard Polayt, daha sonra Arnas Sakenis, Orelik və indi də Ceyms Freyzer zədələndi. Freyzeri son matçda hətta planlaşdırdığımızdan daha çox meydanda saxladıq. Çünki qələbə qazana biləcəyimizi düşünürdük. Təəssüf ki, istəyimizə çatmadıq. Həlledici məqamlarda yenə sadə müdafiə səhvlərinə yol verdik və bu da məğlubiyyətlə nəticələndi. Əslində, basketbolçular yaxşı mübarizə apardılar, qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Lakin bu, kifayət etmədi.
- Komandanızın altı məğlubiyyəti var. Qrup oyunlarında müəyyənləşdirdiyiniz hansı hədəflərə çata bilməmisiniz?
- Açığı, ötən mövsümlə müqayisədə daha güclü komanda qurduğumuzu düşünərək çempionata başlamışdıq. Hazırda zədələrdən əlavə, iki basketbolçumuzdan da gözlədiyimiz faydanı ala bilmirik. Onlar da öz oyunlarını yaxşılaşdırsalar və komandaya daha çox töhfə versələr, xüsusilə ölkə çempionatında güclü kollektivə çevriləcəyik. Əks halda, oyunçu dəyişikliyi barədə düşünə bilərik. Hələlik basketbolçularımızın performansını yüksəltməyə çalışırıq. Lakin iki oyunçunun çıxışından razı deyiləm. Onların adlarını çəkmək istəmirəm.
- Ardıcıl məğlubiyyətlər motivasiyaya mənfi təsir göstərə bilər. Komandanızı avrokubok oyunlarına hazırlayarkən bu baxımdan çətinliklərlə üzləşirsinizmi?
- Əslində, bu mövsüm müdafiə xəttimizi bir qədər yaxşılaşdırmışdıq. Lakin son qarşılaşmada oynadığımız rəqib çətin komanda idi. Onlar çox sürətli hücumlar qururlar və əks-hücumlarda kifayət qədər uğurludurlar. Bunu bilirdik, amma həmin hücumlar zamanı 29 xal buraxdıq, ribaundlarda və ikinci şanslardan yararlanmaq baxımından da rəqibə uduzduq.
Hücumdakı çıxışımız yaxşı olsa da, sürətli hücumların qarşısını ala bilməməyimiz, rəqibə çoxlu ribaund imkanı verməyimiz və həlledici məqamlarda etdiyimiz sadə müdafiə səhvləri məğlubiyyətə səbəb oldu.
Ardıcıl qələbələr qazanmaq komandaya oyunun sonlarını daha rahat keçirməyə kömək edir. Çoxsaylı məğlubiyyətlər isə əksinə, qarşılaşmanın həlledici anlarında müəyyən gərginlik yaradır. Qərarvermə zamanı və müdafiədə düzgün mövqe seçərkən səhvlərə yol verə bilirik. Bizim də yaşadığımız əsas problemlərdən biri budur. Hazırlıq prosesində hər hansı çətinliyimiz olmur. Bütün basketbolçular sağlam olduqda oyun planımızı həyata keçirmək üçün əllərindən gələni edirlər. Lakin ardıcıl məğlubiyyətlər son dəqiqələrdə təzyiqi artırır.
- Qarşıda daha üç oyununuz var. Bu qarşılaşmalardan gözləntiləriniz nələrdir?
- Daha çox qələbə qazanmaq istəyirdik. İndiyədək cəmi bir oyunda qalib gələ bilmişik. Bu müddətdə bir sıra görüşlərə əsas oyunçularımızın iştirakı olmadan çıxmışıq. Basketbolda legionerlər çox önəmlidir. Digər ölkələrin yerli basketbolçularının səviyyəsi ilə bizim yerli oyunçularımızın səviyyəsini müqayisə etdikdə, legionerlərin də heyətdə olmadığı vaxtlarda balansı qorumaq çətinləşir. Bununla belə, həm heyətimiz tam olmadıqda, həm də bütün basketbolçularımız oynadıqda qrupdakı rəqiblərlə başabaş mübarizə aparmışıq. Fikrimcə, ən zəif oyunumuzu İsveçrədə və Bakıda keçirmişik. Həmin vaxt Arnas zədəli idi, digər basketbolçularımız da tam hazır deyildilər. Qalan qarşılaşmalarda isə mübarizə kifayət qədər balanslı olub. Əsas problemlərimizdən biri rotasiyanın məhdud olması, digəri isə müdafiə sistemimizin tam komplektləşməməsidir. Xüsusilə müdafiədə sadə səhvlər edirik. Qarşıdakı oyunlarda, xüsusən də evdə keçirəcəyimiz görüşlərdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qrupdakı mövqeyimizdən asılı olmayaraq, bütün matçlarda mübarizə aparacağıq.
- Qış transfer dövründə komandada hansı dəyişiklikləri etməyi planlaşdırırsınız?
- Hazırda oyunçu dəyişikliyi ilə bağlı qəti qərarımız yoxdur. Oyundan sonra da mətbuata bildirmişdim ki, bir-iki basketbolçunun çıxışından razı deyiləm. İlk növbədə onların performansını yüksəltməyə çalışacağıq. Əgər bu istiqamətdə istədiyimiz nəticəni əldə edə bilməsək, bir və ya iki oyunçunu dəyişmək variantını nəzərdən keçirə bilərik. Lakin hələlik bununla bağlı yekun qərar qəbul etməmişik.
Ölkə çempionatına gəlincə, minimum hədəfimiz finala yüksəlməkdir. İkinci yeri tutsaq, ötən mövsümün nəticəsini təkrarlamış olacağıq. Finala yüksələ bilməsək, bunu uğursuzluq hesab edəcəyik.
