ABŞ-nin “Mayami Hit” basketbol klubunun mərkəz oyunçusu Bam Adebayo karyerasının doqquzuncu “tripl-dabl”ına imza atıb. O, bununla klub tarixində bu göstərici üzrə Lebron Ceymslə ikinci yeri bölüşür.
İdman.Biz xəbər verir ki, Adebayo bu nəticəyə NBA-nın müntəzəm mövsümündə “Oklahoma Siti Tander”lə qarşılaşmada nail olub. “Mayami Hit” doğma meydanda rəqibini 123:113 hesabı ilə məğlub edib.
ABŞ-li basketbolçu görüşü 24 xal, 15 ribaund və 12 məhsuldar ötürmə ilə başa vurub. O, həmçinin iki top oğurlayıb və üç blok şot edib. Adebayo meydandan 11 atışın 8-də, cərimə atışlarında isə 9 cəhddən 8-də dəqiq olub.
Bu, Adebayo üçün 2024-cü il noyabrın 29-dan sonra ilk “tripl-dabl” olub.
Qeyd edək ki, “Mayami Hit” tarixində ən çox “tripl-dabl” edən basketbolçu Cimmi Batlerdir (13). Adebayo və Lebron Ceyms isə hərəyə 9 belə göstərici ilə ikinci yeri bölüşürlər. Adebayo pley-off oyunlarında qeydə aldığı bir “tripl-dabl” da daxil olmaqla, karyerasında ümumilikdə 10 dəfə bu nailiyyətə imza atıb.
“Mayami Hit” bu qələbə ilə ardıcıl yeddinci dəfə meydanı qalib tərk edib və mövsümdəki qələbələrinin sayını 10-a çatdırıb. Komanda eyni zamanda beş oyunluq ev seriyasını məğlubiyyətsiz başa vurub.
Qarşılaşmada “Mayami Hit”in heyətində Pelle Larsson 21, Nikola Yoviç isə 15 xal toplayıb. “Oklahoma Siti Tander”də ən məhsuldar basketbolçu 21 xalla Bennett Ştirts olub.
