Basketbol üzrə Azərbaycan Basketbol Liqasında (ABL) bu gün, noyabrın 22-də əvvəlki turlardan təxirə salınmış iki qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, hər iki görüşə Bakı İdman Sarayı ev sahibliyi edəcək. Günün ilk matçında saat 15:00-da “Naxçıvan” və “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Saat 18:00-da isə “LANDAU Lions” “Ordu” ilə qarşılaşacaq.
Günün mərkəzi görüşü turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Naxçıvan” və “Neftçi” arasında olacaq. Hər iki komanda indiyədək keçirdiyi altı matçın beşində qalib gəlib, birində məğlub olub. Eyni göstəriciyə malik rəqiblərdən “Naxçıvan” ikinci, “Neftçi” isə üçüncü pillədə yer alır.
Turnir cədvəlinə yeddi oyunda altı qələbə qazanan “Sabah” başçılıq edir. Bu səbəbdən “Naxçıvan” - “Neftçi” qarşılaşmasının nəticəsi liderlik mübarizəsinə də təsir göstərəcək.
Digər görüşdə “LANDAU Lions” mövqeyini yaxşılaşdırmağa çalışacaq. Altı oyunda üç qələbəsi olan komanda beşinci sıradadır. Eyni sayda qarşılaşmada iki dəfə qalib gələn “Ordu” isə yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “LANDAU Lions” - “Ordu” matçı üçüncü turdan təxirə salınıb. Buna paytaxt təmsilçisinin Avropa klub turnirində iştirakı səbəb olub.
