Lazar Spasiç: “Hər iki oyunda qalib gəlməyə çalışacağıq”

21 Noyabr 2026 17:21
41
Lazar Spasiç: “Hər iki oyunda qalib gəlməyə çalışacağıq”

“Təbii ki, nəticə hər zaman önəmlidir. Amma nəticədən asılı olmayaraq, komandamızın necə oynadığına da çox fikir veririk. Çünki əvvəllər də dediyim kimi, parketdə ümumilikdə necə görünmək istədiyimizlə bağlı müəyyən standart formalaşdırmaq çox vacibdir”.

İdman.Biz xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç komandasının "Gəncə" üzərində 107:85 hesablı qələbəsindən sonra müsahibəsində daxili çempionatdakı mövqeləri, oyunun inkişafı, FIBA Çempionlar Liqasındakı perspektivlər və qarşıdakı fasilə barədə danışıb.

Mütəxəssis "Neftçi" və "Gəncə" qələbələrindən sonra komandanın hazırkı vəziyyətini və sərgilədiyi basketbolu belə dəyərləndirib:

“Bu gün komandamızın çıxışından razıyam. Çox ciddi yanaşma ilə yaxşı oyun keçirdik və düzgün istiqamətdə irəliləyirik. Bununla belə, düşünürəm ki, oyunumuzu inkişaf etdirmək üçün hələ kifayət qədər imkanlarımız var. Mövsümün hazırkı hissəsini yetərincə uğurlu hesab edə bilərik və bundan məmnunam. İndi fasiləyə yollanırıq. Qayıtdıqdan sonra növbəti oyunlara hazırlaşmalıyıq. Bizim üçün hər növbəti oyun ən vacib oyundur, amma mövsümün ən önəmli hissəsi də qarşıdadır.

'Naxçıvan'la oyundan sonra komandamızın oyununda müəyyən dəyişikliklər etdik. Bundan sonra daha yaxşı basketbol sərgiləməyə başladıq. Artıq müəyyən təməlimiz var. Bu təməlin üzərində öz oyun strukturumuzu qurmaq istəyirik. Hazırda əsas məsələ detallardır. Əlbəttə, oyunumuzu daha da inkişaf etdirə bilərik. Müxtəlif oyun vəziyyətlərindən asılı olaraq, müəyyən detalları təkmilləşdirməliyik. Bəli, şübhəsiz ki, özümüzü inkişaf etdirə və eyni istiqamətdə irəliləməyə davam edə bilərik”.

Spasiç FIBA Çempionlar Liqasındakı qarşılaşmalar və qarşıdakı fasilə haqqında fikirlərini bölüşüb:

“Biz həm 'Nanterre' ilə, həm də 'Ritas' ilə oyunları qazanmağa çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik. Amma özümüzü çox yaxşı hazırlamalıyıq. Gördüyünüz kimi, səfərdə hər oyunu qazanmaq çox çətindir. Bununla belə, hər iki oyunda qalib gəlmək və klubumuzun növbəti mərhələyə vəsiqəni təmin etməsi üçün çox motivasiyalı olacağıq. İkinci, üçüncü, yoxsa birinci yeri tutacağımızı zaman göstərəcək. Amma dediyim kimi, günbəgün irəliləməli və özümüzün ən yaxşı versiyası olmalıyıq.
Hazırda komandamızın qazandığı müsbət dinamika çox yaxşıdır. Amma düşünürəm ki, fasilə də bizim üçün çox uyğun vaxta təsadüf edir. Bu, həm fiziki, həm də psixoloji baxımdan özümüzü yeniləməyimizə imkan verəcək. Ümid edirəm ki, geri qayıtdıqdan sonra eyni konsentrasiya ilə daha yaxşı görünəcəyik və inkişafımızı davam etdirəcəyik”.

İdman.Biz