Azərbaycanın beş cüdoçusu Daşkənddə son fərdi medallar uğrunda yarışacaq

21 Noyabr 2026 01:23
41
Azərbaycanın beş cüdoçusu Daşkənddə son fərdi medallar uğrunda yarışacaq

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, son fərdi yarış günündə Azərbaycanın beş təmsilçisi mübarizəyə qoşulacaq.

90 kq çəki dərəcəsində Süleyman Şükürov və Aslan Kotsoyev çıxış edəcəklər. Gənclər arasında ikiqat Avropa çempionu Şükürov ilk mərhələdən azaddır. O, 1/16 finalda Nikolas Zadvinski (ABŞ) - İnomjon Baxodirov (Özbəkistan) görüşünün qalibi ilə qarşılaşacaq. Kotsoyev isə 1/32 finalda özbəkistanlı Dilşod Naşirovla üz-üzə gələcək.

100 kq-da Davud Namazlı 1/16 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetovla, Canpolad Əliyev isə 1/32 finalda ukraynalı İvan Harmaşla qarşılaşacaq.

100 kq-dan yuxarı çəkidə Ramazan Əhmədov 1/16 finalda monqolustanlı Temuulen Munxçuluunla mübarizə aparacaq.

İlkin mərhələnin görüşləri Bakı vaxtı ilə saat 08:00-da, final bloku isə 16:00-da başlayacaq.

Azərbaycan ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.

İdman.Biz