Litva səfiri Bakının ev sahibliyinə sevinir: “Azərbaycan üçün böyük hadisədir”

22 Noyabr 2026 12:19
116
Litva səfiri Bakının ev sahibliyinə sevinir: “Azərbaycan üçün böyük hadisədir”

Basketbol üzrə 2027-ci ildə keçiriləcək U-20 Avropa çempionatının B divizionuna Bakının ev sahibliyi etməsi Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçusun xüsusi sevincinə səbəb olub. Diplomat bu qərarı Azərbaycan basketbolu üçün mühüm hadisə kimi qiymətləndirib.

İdman.Biz xəbər verir ki, səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək ölkəmizi təbrik edib.

“Basketbolla nəfəs alan Litvadan gəldiyim üçün Bakının FIBA U-20 Avropa çempionatının B divizionuna ev sahibi seçilməsinə xüsusilə sevinirəm. Bu, Azərbaycan basketbolu üçün böyük hadisədir və yeni nəsil basketbolçuları ruhlandırmaq baxımından əla fürsətdir. Təbriklər, Azərbaycan!” - deyə Vaşkeleviçus bildirib.

Turnir 2027-ci il iyulun 9-dan 18-dək Bakıda təşkil olunacaq. Yarışda Avropanın 20 yaşadək basketbolçulardan ibarət milli komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, FIBA Avropa İdarə Heyəti turnirin Bakıda keçirilməsi barədə qərarı noyabrın 20-də Almaniyanın Hamburq şəhərində qəbul edib. Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında Avropa çempionatına ev sahibliyi edəcək.

İdman.Biz