Futbol üzrə Misli Premyer Liqasında bu gün, noyabrın 22-də “Araz-Naxçıvan” və “Neftçi” komandaları qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, 12-ci turun matçı Şamaxı şəhər stadionunda keçiriləcək və saat 14:30-da başlayacaq. Görüşü Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Şirmamed Mamedov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim Əliyar Ağayev olacaq. VAR-da Fərid Hacıyev, AVAR-da isə Vüsal Məmmədov çalışacaq. Hakim-inspektor funksiyası Babək Quliyevə tapşırılıb. AFFA nümayəndəsi Elçin Mehtiyevdir.
Komandalar qarşılaşmaya turnir cədvəlində fərqli mövqelərdə çıxırlar. “Neftçi” 11 oyundan topladığı 24 xalla ikinci pillədə qərarlaşıb. Bakı təmsilçisi lider “Sabah”la eyni xala malikdir və qələbə qazanacağı təqdirdə ən azı müvəqqəti olaraq birinci pilləyə yüksələcək. “Araz-Naxçıvan” isə 11 matçda cəmi dörd xal toplayıb və 12-ci sıradadır. Naxçıvan təmsilçisi cari mövsümdə hələ qələbə qazana bilməyib.
Rəqiblər Azərbaycan çempionatları tarixində 16 dəfə üz-üzə gəliblər. Bu oyunların yeddisində “Neftçi”, dördündə “Araz-Naxçıvan” qələbə qazanıb. Beş görüş heç-heçə yekunlaşıb. Top fərqində də paytaxt təmsilçisi öndədir - 36:11.
“Neftçi” komandalar arasında keçirilən son üç qarşılaşmanın hamısında qalib gəlib. “Araz-Naxçıvan” isə rəqibi ilə son beş oyunda qələbə üzünə həsrət qalıb.
Tərəflərin son görüşü avqustun 23-də baş tutub. Həmin qarşılaşmada “Neftçi” 5:0 hesablı qələbə qazanıb. Bundan əvvəlki iki matç da Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 4:0 və 2:1.
“Araz-Naxçıvan”ın “Neftçi” üzərində son qələbəsi 26 yanvar 2025-ci ilə təsadüf edir. Naxçıvan təmsilçisi həmin vaxt rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandalar arasında ən böyükhesablı nəticə 9 sentyabr 2000-ci ildə qeydə alınıb. Həmin görüşdə “Neftçi” 7:0 hesabı ilə qalib gəlib.
