“Qarabağ” Gəncəyə qisas üçün gedir: “Kəpəz” üçüncü qələbəyə hazırlaşır

22 Noyabr 2026 09:25
55
“Qarabağ” Gəncəyə qisas üçün gedir: “Kəpəz” üçüncü qələbəyə hazırlaşır

Futbol üzrə Misli Premyer Liqasının 12-ci turuna bu gün, noyabrın 22-də Gəncədə yekun vurulacaq. Turun son qarşılaşmasında “Kəpəz” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, Gəncə şəhər stadionunda təşkil olunacaq matçın start fiti saat 17:00-da səslənəcək. Oyunun idarəçiliyi Rauf Cabarova həvalə edilib. Yan xətlərdə Zeynal Zeynalov və Tərlan Talıbzadə fəaliyyət göstərəcəklər. Ruslan Quliyev dördüncü hakim olacaq. Videoarbitraj sisteminə Əkbər Əhmədov rəhbərlik edəcək, ona Rəhman İmami yardım göstərəcək. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev isə AFFA nümayəndəsi kimi qarşılaşmada iştirak edəcək.

Gəncədəki duel turnir cədvəli baxımından da xüsusi əhəmiyyət daşıyır. “Qarabağ” 10 matçdan sonra 19 xalla beşinci, “Kəpəz” isə 17 xalla altıncı pillədədir. Meydan sahibləri qalib gələcəkləri təqdirdə Ağdam komandasını geridə qoyacaqlar.

Qarşılaşmanın əsas intriqalarından biri “Qarabağ”ın uğursuz seriyanı qırıb-qıra bilməyəcəyidir. Son iki dueldə “Kəpəz”ə uduzan Ağdam təmsilçisi bu dəfə Gəncəyə həmin məğlubiyyətlərin əvəzini çıxmaq üçün yollanır. Yanvarın 24-də səfərdə 2:0 hesabı ilə qalib gələn “Kəpəz” martın 20-də də rəqibinə aman verməyib - 1:0.

Komandaların 34 illik rəqabətində isə üstünlük “Qarabağ”a məxsusdur. 1992-ci ildən bəri keçirilən 64 çempionat matçının 36-sı Ağdam təmsilçisinin, 16-sı Gəncə komandasının qələbəsi ilə nəticələnib. Daha 12 oyunda qalib müəyyənləşməyib. Bu müddətdə “Qarabağ” 103, “Kəpəz” isə 64 qol vurub.

Son yeddi qarşılaşmanın statistikası da diqqət çəkir. Bu oyunların altısında hesabı açan tərəf yekunda qələbəni bayram edib. Yalnız 15 mart 2025-ci ildə keçirilən görüşdə qapılara qol vurulmayıb.

Rəqiblərin əvvəlki duellərində böyükhesablı nəticələr də az olmayıb. “Qarabağ” 4 noyabr 2023-cü ildə “Kəpəz”i 7:1, 29 mart 2024-cü ildə isə 6:1 hesabı ilə məğlub edib. Lakin son iki qarşılaşmada Gəncə komandasının üstün olması bu dəfə meydan sahiblərinin iddiasını daha da artırır.

İdman.Biz