Zaur Həşimov rəhbərliyə səsləndi, Yeton Bekiri meydançalardan şikayətləndi

21 Noyabr 2026 20:36
45
Zaur Həşimov rəhbərliyə səsləndi, Yeton Bekiri meydançalardan şikayətləndi

Misli Premyer Liqasının 12-ci turunda “Qəbələ”nin səfərdə “Şəfa”nı 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, “Şəfa”nın baş məşqçisi Zaur Həşimov məğlubiyyətdən sonra komandası üzərində təzyiqin artdığını bildirib:

“Oyun haqda çox danışılası bir şey yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumda oynayacaqdı. “Qəbələ” bizim kritik səhvimizdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Düşünürdük ki, artıq “qara zolaq”dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı”.

Həşimov hücum xəttində ciddi problemlərin olduğunu vurğulayaraq klub rəhbərliyini də vəziyyətdən çıxış yolu tapmağa çağırıb:

“Şikayət etməyi sevmirəm. Amma görürsünüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə altı aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular - kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq”.

“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri isə komandasının qələbəyə layiq olduğunu bildirib:

“Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə, problemlərimiz də var. Amma bu gün qələbəyə layiq olan tərəf biz idik. “Zirə”yə məğlubiyyətdən sonra bu qələbə bizim üçün çox vacib idi”.

Mütəxəssis Kərim Rossinin az oyun keçirməsinin səbəbini də açıqlayıb:

“Qəbələ”yə gələndə Rossinin zədəsi var idi və uzun müddət məşq etməmişdi. Bu həftə məşqlərə başlayıb. Bu gün də ehtiyatdan meydana çıxdı. Növbəti oyunlarda daha çox şans qazanacaq”.

Bekiri qarşıdakı “Şamaxı” və “İmişli” ilə səfər görüşləri öncəsi süni örtüklü meydançalarla bağlı narahatlığını gizlətməyib:

“Əlbəttə, narahat edir. Çünki süni örtüklü meydançada oynamaq çətindir. Amma başqa seçimimiz yoxdur, orada oynamağa məcburuq. Qəbələdə də süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar verər. Bu ölkəni və çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydançaların keyfiyyətli olması vacibdir”.

Baş məşqçi komandasının az qol vurmasına da münasibət bildirib:

“Sizinlə razıyam. Mən bura gələndə komanda altı oyunda cəmi iki qol vurmuşdu. Sonra tədricən oyun sistemini dəyişdik və qolların sayı artmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacağıq”.

İdman.Biz