“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanın gözlədikləri kimi çətin keçdiyini bildirib:
“Gözlədiyimiz kimi ağır oyun oldu. “Şamaxı” bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı oyunları da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvsiz olmadı. Amma istənilən halda qələbə yaxşıdır. Azlıqda qalandan sonra futbolçular xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir”.
Berdiyev Xorxe Silvanın qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoymasına da münasibət bildirib:
“Bu, yolverilməzdir. İstənilən halda oyunumuza təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı təxribat var idi. Təxribatlara cavab vermək olmaz”.
Baş məşqçi Joarlem Santosun səhhəti ilə bağlı da danışıb:
“Hələ konkret bir şey deyə bilmərəm. Boynunda problem var. Ümid edirəm ki, hər şey yaxşı olar”.
