Almaniyada fridayvinq üzrə rekord cəhdi dramatik anlarla başa çatıb.
İdman.Biz xəbər verir ki, 29 yaşlı Minya Marinkoviç Ştarnberq gölündə bir nəfəslə 85 metr dərinliyə enərək Almaniyanın şirin su hövzəsində “Free Immersion” növü üzrə rekordunu yeniləməyə çalışıb.
Marinkoviç nəzərdə tutulan 85 metr dərinliyə çatıb və geri qayıtmağa başlayıb. Lakin səthə cəmi təxminən üç metr qalmış oksigen çatışmazlığı səbəbindən huşunu itirib. Təhlükəsizlik dalğıcları dərhal müdaxilə edərək onu sudan çıxarıblar.

Təxminən üç dəqiqə davam edən cəhd buna görə rekord kimi qeydə alınmayıb. Qaydalara əsasən, nəticənin təsdiqlənməsi üçün idmançı səthə şüurlu vəziyyətdə çıxmalı və tələb olunan proseduru yerinə yetirməlidir.
Hazırkı Almaniya rekordu 80 metrdir və 2011-ci ildən qüvvədədir. Marinkoviç isə uğursuzluğa baxmayaraq, gələcəkdə yenidən rekord cəhdi etmək niyyətində olduğunu bildirib.
