“Bavariya” əfsanəsinin evində dəhşət: Çılpaq şəxs qızının otağına girib

17 İyun 2026 13:35
116
“Bavariya” əfsanəsinin evində dəhşət: Çılpaq şəxs qızının otağına girib

Almaniyanın “Bavariya” futbol klubunun sabiq yarımmüdafiəçisi Mehmet Şollun Münhendəki evində qorxulu hadisə baş verib.

İdman.Biz “Focus”a istinadən xəbər verir ki, 48 yaşlı şəxs yerli vaxtla səhər saat 05:00 radələrində bağlı olmayan terras qapısından evə daxil olub. O, çantasını və ayaqqabılarını qapının qarşısında qoyub.

Evdə qiymətli əşyalar axtarmayan şəxs əvvəlcə mətbəxdə yemək yeyib, daha sonra vanna otağında yuyunub. Ardınca çılpaq vəziyyətdə Şollun 20 yaşlı qızının otağına keçib.

Həmin vaxt qız otaqda “Münhen 1860” klubunun ikinci komandasında çıxış edən sevgilisi Sandro Porta ilə birlikdə olub. Çağırılmamış qonağın yatağa girməyə çalışması qarşıdurmaya səbəb olub.

Şollun qızı sevgilisi ilə birlikdə şəxsi zərərsizləşdirərək polis gələnədək saxladıqlarını bildirib. Səs-küyə oyanan Mehmet Şoll da onlara kömək edib.

Hadisə zamanı başından xəsarət alan şəxs polis tərəfindən saxlanılıb. Almaniya mediasının məlumatına görə, o, daha sonra psixiatriya müəssisəsinə yerləşdirilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.

İdman.Biz