Bir xallıq zəfər, Antverpen bileti: Qadın millimiz Avropa Kubokunda - YENİLƏNİB + VİDEO

14 İyun 2026 20:35
905
Bir xallıq zəfər, Antverpen bileti: Qadın millimiz Avropa Kubokunda - YENİLƏNİB + VİDEO

Qadınlardan ibarət Azərbaycanın 3x3 basketbol millisi FIBA Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən seçmə mərhələnin həlledici oyununda komandamız İrlandiya millisi ilə qarşılaşıb.

Gərgin və bərabər mübarizə şəraitində keçən final görüşü Azərbaycan yığmasının 21:20 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə sayəsində qadın millimiz seçmə turnirin qalibi olub və FIBA 3x3 Avropa Kuboku 2026-nın final mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, yarışın final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.

20:15

Kişilərdən ibarət Azərbaycanın 3x3 basketbol millisi FIBA Avropa Kuboku 2026-nın seçmə mərhələsində mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirin yarımfinalında yığmamız Kipr millisi ilə qarşılaşıb.

Nicat Nəsirov, Rəşid Abbasov, Əlibəy Məmmədli və Nəzər Quliyevdən ibarət Azərbaycan komandası rəqibinə 10:21 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra Kipr finala yüksəlib, kişi millimiz isə Avropa Kubokunun final mərhələsinə vəsiqə qazana bilməyib.

Seçmə mərhələnin həlledici qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Turnirin qalibi sentyabrda Belçikanın Antverpen şəhərində təşkil olunacaq FIBA 3x3 Avropa Kubokunun final mərhələsində iştirak hüququ əldə edəcək.

18:51

Qadınlardan ibarət Azərbaycanın 3x3 basketbol millisi FIBA 3x3 Avropa Kuboku 2026-nın seçmə mərhələsində finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, yığmamız yarımfinalda meydan sahibi Kosovo komandası ilə qarşılaşıb.

Azərbaycan millisi rəqibinə 21:5 hesabı ilə qalib gələrək həlledici görüşə yüksəlib.

Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.

Final qarşılaşması Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.

11:39

Kişi və qadınlardan ibarət Azərbaycanın 3x3 basketbol milliləri bu gün FIBA 3x3 Avropa Kuboku 2026-nın seçmə mərhələsində yarımfinal oyunlarına çıxacaqlar.

İdman.Biz xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirdə qadın millimiz meydan sahibi Kosovo seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Zaur Paşayevin rəhbərlik etdiyi kişi komandası isə yarımfinalda Kipr millisini sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

Qadın millimiz qrup mərhələsində Kiprə 16:10, Maltaya isə 15:14 hesabı ilə qalib gələrək birinci yeri tutub. Komanda turnirdə Arika Karter, Tatyana Deniskina və Aleksandra Molenhauer olmaqla cəmi üç basketbolçu ilə mübarizə aparır.

Kişi yığmamız Albaniya və San-Marinoya 20:21 hesabı ilə məğlub olsa da, Maltanı 18:16 hesabı ilə üstələyərək qrup ikincisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, Priştina seçmə mərhələsində kişi və qadınların yarışında yalnız qalib komandalar FIBA 3x3 Avropa Kubokunun final mərhələsinə vəsiqə əldə edəcəklər.

İdman.Biz