2026-cı il futbol üzrə dünya çempionatı ABŞ-də keçirilsə də, ölkənin ən böyük şəhəri olan Nyu-Yorkda mundial ətrafında ciddi ajiotaj hiss olunmur. Əksinə, Nyu-Yorkda yaşayan Azərbaycan əsilli Mark Koqanovun fikrincə, şəhər sakinləri üçün hazırda əsas idman hadisəsi futbol deyil.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin üzvü və beynəlxalq dərəcəli hakim Mark Koqanov İdman.Biz-ə açıqlamasında danışıb.
“Nəzərə almaq lazımdır ki, Nyu-York öz həyatı ilə yaşayan nəhəng meqapolisdir. Şəhərin dünya çempionatının oyunlarını qəbul etdiyini demək olar ki, hiss etmirsən, baxmayaraq ki, qarşılaşmalar rəsmi olaraq qonşu Nyu-Cersi ştatında keçirilir. Nyu-Yorkun məşhur Tayms-Skver meydanında dünya çempionatı ilə bağlı reklamlar görmüşəm, amma deyə bilmərəm ki, şəhər mundialla yaşayır.
Hazırda Nyu-York üçün əsas idman hadisəsi futbol üzrə dünya çempionatı deyil, NBA-nın final seriyasıdır. Çünki 35 ildən sonra ilk dəfə olaraq “Nyu-York Niks” finalda oynayır. Maraqlıdır ki, seriyanın növbəti oyunu şənbə günü keçiriləcək və həmin gün DÇ-2026 çərçivəsində Braziliya – Mərakeş matçı da baş tutacaq. Burada hansı hadisənin mediada daha çox diqqət çəkəcəyi barədə heç bir sual yaranmır”, - deyə Koqanov bildirib.
Onun sözlərinə görə, azarkeş marağını azaldan əsas amillərdən biri də biletlərin son dərəcə baha olmasıdır.
“Hamı bilet qiymətlərindən çox narazıdır. Məlum olduğu kimi, əvvəlcə biletlər FIFA-nın rəsmi saytında satışa çıxarılmışdı. Amma onlar çox qısa müddətdə “skalperlər”, yəni bileti alıb daha baha qiymətə satan vasitəçilər tərəfindən alınmışdı. Burada bu, tam qanuni biznes sayılır. Rəsmi qiymətlər 300-1500 dollar (510-2550 manat) arasında dəyişirdisə, məsələn, Braziliya – Mərakeş oyununa vasitəçilərdən 2000-4000 dollara (3400-6800 manat) bilet almaq mümkündür”, - deyə o qeyd edib.
Koqanov əlavə edib ki, pley-off mərhələsinin oyunlarına qiymətlər daha yüksəkdir. “Metlayf” stadionunda keçiriləcək final matçına bilet tapmaq üçün isə ən azı 30-35 min dollar (51 min - 59,5 min manat) ödəmək lazımdır.
Onun sözlərinə görə, Nyu-York hakimiyyəti hətta min biletin oynanıldığı lotereya da təşkil edib. Qaliblər biletləri 50 dollara (85 manat) almaq imkanı əldə ediblər.
“Lotereya səhər saat 10:00-da başladı və artıq 10:01-də müraciətlərin qəbulu dayandırıldı. Bu, daha çox populist aksiya idi. Çünki hamı başa düşürdü ki, qalib gəlmək şansı lotereyada cekpot udmaq ehtimalı qədər idi”, - deyə Koqanov vurğulayıb.
Həmsöhbətimiz arenanın ətrafındakı logistikanın da problem yaratdığını bildirib.
“Azarkeşlər nə şəxsi avtomobillə, nə taksi ilə, nə də ictimai nəqliyyatla birbaşa stadionun yaxınlığına gedə bilməyəcəklər. Xüsusi məntəqələr yaradılıb və azarkeşlər oradan avtobuslarla arenaya çatdırılacaqlar. Bu xidmət isə ödənişlidir - 95 dollar (161,5 manat). Fərdi yanaşmaya üstünlük verənlər üçün başqa variant da var. Onlar avtomobillərini arenadan təxminən 15 dəqiqəlik məsafədə yerləşən ticarət mərkəzinin dayanacağında saxlaya bilərlər. Bunun qiyməti isə 250 dollardır (425 manat)”, - deyə Koqanov əlavə edib.
Qeyd edək ki, Nyu-York bölgəsində keçirilən dünya çempionatı oyunları ərazi baxımından Nyu-Cersi ştatında yerləşən “MetLife Stadium” stadionunda baş tutur. Burada qrup mərhələsinin beş oyunu, 1/16 finaldan bir, 1/8 finaldan bir qarşılaşma və mundialın final görüşü keçiriləcək.
