DÇ finalındakı məğlubiyyətdən sonra Skalonidən ilk paylaşım: “Üzr istəyirəm”

28 İyul 2026 13:06
74
DÇ finalındakı məğlubiyyətdən sonra Skalonidən ilk paylaşım: “Üzr istəyirəm”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının finalındakı məğlubiyyətdən sonra ilk dəfə paylaşım edib.

İdman.Biz xəbər verir ki, 48 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərə sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib, eyni zamanda onları yenidən dünya çempionluğu sevinci ilə sevindirə bilmədiyi üçün üzr istəyib.

"Kədərin sevinclə, göz yaşlarının təbəssümlə, həyəcanın sakitliklə və coşqunun dincliklə əvəz olunduğu gərgin bir həftədən sonra nəhayət, bir neçə kəlmə yazmağa vaxt tapdım. Sosial şəbəkələri çox sevmirəm, amma yəqin ki, hamınıza çatmağın ən yaxşı yolu budur.

Deyə biləcəyim yeganə söz budur: üzr istəyirəm. Sizə daha bir kubok qazandıra, həyatınızdakı bütün çətinlikləri olmasa da, heç olmasa bir neçə günlük unutdura biləcək yeni sevinc yaşada bilmədim", - deyə Skaloni bildirib.

Argentina millisinin çalışdırıcısı futbolçularına da xüsusi təşəkkür edib və onları "mənim döyüşçülərim" adlandırıb.

"İstəyirəm ki, bu futbolçuların sizə nə göstərməyə çalışdığını heç vaxt unutmayasınız. Əzm, istək, ambisiya, inam, sonadək mübarizə aparmaq, heç vaxt təslim olmamaq, ayaqlar artıq sözə baxmayanda belə dik dayanmaq... Əsl kubok məhz budur.

Məşqçilər korpusuna, futbolçularıma, Argentina Futbol Assosiasiyasının əməkdaşlarına, işimizi asanlaşdırmaq üçün zəhmət çəkən hər kəsə və bizə göstərdiyiniz sevgi və dəstəyə görə hər birinizə sonsuz minnətdaram", - deyə o əlavə edib.

Qeyd edək ki, İspaniya dünya çempionatının finalında Ferran Torresin əlavə vaxtda vurduğu yeganə qol sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edərək 2026-cı ilin dünya çempionu olub. Bununla da Argentina Qətərdə qazandığı dünya çempionluğu titulunu qoruya bilməyib.

İdman.Biz