Türkiyə Birinci Liqasında çıxış edən “Bursaspor” futbol komandası Ukrayna çempionu “Şaxtyor Donetsk”lə yoxlama oyunu keçirib.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin və Bursa təmsilçisinin hücumçusu Toral Bayramov oyuna ilk 11-likdə başlayıb.
Qarşılıqlı hücum şəraitində keçən oyunda hesab açılmayıb.
Oyunda diqqət çəkən məqamlardan biri də Ukraynanın “Şaxtyor Donetsk” futbol komandasının baş məşqçisi Arda Turanın Türkiyədə böyük azarkeş sevgisi ilə qarşılanması olub.
Matçdan əvvəl türk mütəxəssisi tribunaya çağıran fanatlar onu uzun müddət alqışlayıblar.
Azarkeşlər “Türkiyə səninlə fəxr edir” şüarını səsləndiriblər. Arda Turan tribunaya yaxınlaşaraq fanatları salamlayıb və onların alqışlarına eyni şəkildə cavab verib.
19:51
Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” futbol komandasının müdafiəçisi Toral Bayramov Arda Turanın rəhbərlik etdiyi Ukraynanın “Şaxtyor” komandası ilə yoxlama oyununa start heyətdə başlayacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü bu gün keçiriləcək qarşılaşmada Bursa təmsilçisinin əsas heyətində yer alıb.
“Bursaspor” - “Şaxtyor” yoxlama görüşü Bursa Atatürk İdman Kompleksinin Matlı stadionunda keçiriləcək.
Xatırladaq ki, Toral Bayramov cari ilin 25 may tarixində “Qarabağ”dan ayrılaraq “Bursaspor”a keçib. Azərbaycan millisinin üzvü Türkiyə təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
25 yaşlı futbolçu “Qarabağ”ın əsas komandasında 2020-ci ildən çıxış edib. O, Ağdam təmsilçisinin heyətində beş dəfə Azərbaycan çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.
