Kanada mundiala evində başlayır: Bosniya və Herseqovina sınağı

12 İyun 2026 10:16
111
Kanada mundiala evində başlayır: Bosniya və Herseqovina sınağı

Futbol üzrə Kanada millisi bu gün DÇ-2026-da ilk oyununa çıxacaq. Mundialın ev sahiblərindən biri B qrupunun ilk turunda Bosniya və Herseqovina ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, görüş Toronto stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu, Kanada millisinin doğma azarkeşləri qarşısında keçirəcəyi ilk Dünya Çempionatı matçı olacaq.

Cessi Marşın rəhbərlik etdiyi komanda mundiallar tarixində ilk qələbəsini qazanmağa çalışacaq. Kanada 1986 və 2022-ci illərdə iştirak etdiyi turnirlərdə keçirdiyi altı oyunun hamısında məğlub olub. Meydan sahiblərinin əsas ümidlərindən biri yığmanın bombardiri Conatan Deviddir. Zədəsini tam sağaltmayan Alfonso Deyvis isə ilk matçı buraxacaq.

Bosniya və Herseqovina mundiala 12 illik fasilədən sonra qayıdıb. Sergey Barbarezin komandası pley-off mərhələsində Uels və İtaliyanı penaltilər seriyasında məğlub edərək DÇ-2026-ya vəsiqə qazanıb. Çiynindəki zədəni sağaldan 40 yaşlı Edin Ceko Kanada ilə qarşılaşmada komandasına kömək edə biləcək.

Qeyd edək ki, B qrupunda Kanada, Bosniya və Herseqovina ilə yanaşı, İsveçrə və Qətər milliləri də mübarizə aparırlar.

İdman.Biz