Tofiq Musayev “qayda pozuntusu” ittihamlarına cavab verdi

29 Mart 2026 16:15
158
Tofiq Musayev “qayda pozuntusu” ittihamlarına cavab verdi

Azərbaycanlı döyüşçü Tofiq Musayev Sietldə keçirilən “UFC Fight Night 271” turnirində çilili İqnasio Bahamondes üzərində qazandığı qələbədən sonra ünvanına səslənən iddialara cavab verib. Sosial şəbəkələrdə müzakirə olunan iki məqam - qəfəsə toxunma və mümkün kəllə zərbəsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz hər iki epizodun qəsdən olmadığını və döyüşün təbii axarında baş verdiyini bildirib.

Musayev qəfəsə toxunma barədə bunları deyib:

“Mübarizə zamanı əlim qəfəsə toxundu, bu, qəsdən deyildi. Döyüşdən əvvəl hakim bizə xəbərdarlıq etmişdi ki, qəfəsdən yapışmaq olmaz. Mən də qaydalara əməl etməyə çalışırdım”.

Kəllə zərbəsi ilə bağlı iddialara isə idmançımız belə aydınlıq gətirib:

“Ona kəllə ilə zərbə vurmaq niyyətim yox idi. Sadəcə, rəqibə yaxın olmaq və onun ağrıdıcı fənd işlətməsinə imkan verməmək üçün başımla çənəsinin altından nəzarət etməyə çalışırdım. Burada heç bir qayda pozuntusu (fol) olmayıb”.

Tofiq Musayev həmçinin qeyd edib ki, rəqibi Bahamondes döyüşdən sonra ona heç bir irad bildirməyib və aralarında hər hansı narazılıq yaşanmayıb.

Xatırladaq ki, bu qarşılaşma Musayevin UFC-dəki ilk rəsmi qələbəsi kimi tarixə düşüb və hakimlərin yekdil qərarı ilə başa çatıb. O, döyüşü qırıq əllə davam etdirib. Musayev və Bahamondes arasındakı qarşılaşma gecənin ən yaxşı döyüşü (“Fight of the Night”) seçilib və buna görə həmyerlimiz böyük pul mükafatı alıb.

İdman.Biz