Azərbaycanlı döyüşçü Tofiq Musayev Sietldə keçirilən “UFC Fight Night 271” turnirində çilili İqnasio Bahamondes üzərində qazandığı qələbə ilə yanaşı, həm də maliyyə mükafatı ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, Musayev və Bahamondes arasındakı qarşılaşma gecənin ən yaxşı döyüşü (“Fight of the Night”) seçilib. Bu nominasiya üzrə hər iki idmançıya 100,000 ABŞ dolları (170,000 AZN) məbləğində əlavə bonus verilib.
Yüngül çəkidə baş tutan və gərginliyi ilə seçilən bu görüş Tofiq Musayevin hakimlərin yekdil qərarı ilə qələbəsi sayəsində başa çatıb. Döyüşçümüz ikinci raundun əvvəlində nokdauna düşsə də, geri dönməyi və üstünlüyü ələ almağı bacarıb.
Qeyd edək ki, turnirin digər bonuslarını sabiq çempion Aleksa Qrasso və amerikalı Co Payfer qazanıblar. Onlar öz rəqibləri üzərində qazandıqları vaxtından əvvəl qələbələrə görə “Gecənin çıxışı” mükafatına layiq görülüblər.
Bu nəticə ilə Tofiq Musayev UFC-dəki ilk qələbəsini həm də ciddi maliyyə mükafatı ilə taclandırıb.
