Vitali Vernidub: “Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir”

17 Aprel 2026 23:49
161
Vitali Vernidub: “Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir”

Misli Premyer Liqasının 28-ci turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edən “Neftçi”nin köməkçi məşqçisi Vitali Vernidub matçdan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb. Baş məşqçi Yuri Vernidubun qırmızı vərəqə alması səbəbindən jurnalistlərin suallarını oğlu və köməkçisi cavablandırıb.

İdman.Biz xəbər verir ki, V.Vernidub qarşılaşmanın yüksək tempdə keçdiyini vurğulayıb.

“Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda yaxşı oynadı, qapılara zərbələr vuruldu. Fiziki və taktiki baxımdan hər iki tərəf güclü idi. Bu oyunda əksər hallarda dominantlıq etdik. Oyunçularımızdan gözləntimiz odur ki, hər zaman “Neftçi”yə yaraşan səviyyədə oyun sərgiləsinlər”, - deyə Vernidub söyləyib.

Son dəqiqələrdə buraxılan qol və yaşanan gərginlik barədə danışan məşqçi detallara varmaqdan yayınıb:

“Son dəqiqələrə gəldikdə, baxacağıq, araşdıracağıq və nəticə çıxaracağıq ki, vəziyyət bir də bura çatmasın. Həmin anlar haqda geniş danışmaq istəmirəm”.

O, Vensan Abubakarın meydana daxil olması ilə bağlı sualı isə belə cavablandırıb:

“İstəyirdik ki, irəlidə topu saxlayaq və digər oyunçulara ötürmələr versin. Həmçinin rəqib standart vəziyyətlərdə güclü olduğu üçün Abubakar bu durumlarda da bizə kömək edə bilərdi. Kim oynadısa, hamısı yüksək səviyyədə çıxış etdi”.

İdman.Biz