UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın “Strasbur” və Almaniyanın “Maynts” komandaları arasında cavab görüşü keçirilib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunda “Strasbur” ilk dəqiqələrdən üstünlüyü ələ alıb. 26-cı dəqiqədə yarımmüdafiəçi Sebastian Nanasi hesabı açıb. Cəmi doqquz dəqiqə sonra digər yarımmüdafiəçi Abdul Uattara komandasının üstünlüyünü möhkəmləndirib. İkinci hissədə də hücumlarını davam etdirən fransızlar 69-cu dəqiqədə Xulio Ensisonun qolu ilə hesabı darmadağın səviyyəsinə çatdırıblar. Matçın yekun nöqtəsini isə 74-cü dəqiqədə Emanuel Emeqa qoyub.
Xatırladaq ki, komandalar arasında Almaniyada keçirilən ilk görüşdə “Maynts” 2:0 hesabı ilə qalib gəlmişdi.
01:25
UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində Yunanıstanın AEK və İspaniyanın “Rayo Valyekano” komandaları arasında cavab qarşılaşması keçirilib. Afinadakı “OPAP Arena”da baş tutan dramatik mübarizə meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, AEK 13-cü dəqiqədə anqolalı hücumçu Zini ilə hesabı açıb, 36-cı dəqiqədə isə yarımmüdafiəçi Rezvan Marin penalti zərbəsi ilə fərqi ikiyə çatdırıb. İkinci hissənin əvvəlində - 51-ci dəqiqədə Zini dublunu rəsmiləşdirərək iki oyunun ümumi nəticəsini bərabərləşdirib (3:3). Lakin yunanların sevinci çox çəkməyib. 60-cı dəqiqədə “Rayo Valyekano”nun forvardı İsi Palason komandasının yeganə qolunu vuraraq ispanları ümumi hesabda yenidən önə çıxarıb.
Xatırladaq ki, bir həftə əvvəl İspaniyada keçirilən ilk görüşdə “Rayo Valyekano” 3:0 hesablı inamlı qələbə qazanmışdı.
01:19
UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində İtaliyanın “Fiorentina” və İngiltərənin “Kristal Palas” komandaları arasında cavab görüşü keçirilib. Florensiyadakı “Artemio Franki” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunda hesabı 17-ci dəqiqədə qonaqların vingeri İsmaila Sarr açıb. Lakin “bənövşəyilər” tezliklə tarazlığı bərpa ediblər - 30-cu dəqiqədə Albert Qudmundsson penalti zərbəsini dəqiq yerinə yetirib. İkinci hissənin əvvəlində, 53-cü dəqiqədə yarımmüdafiəçi Şer Ndur “Fiorentina”nı önə keçirsə də, italyanlar üçün bu, ümumi nəticəni dəyişməyə kifayət etməyib.
Xatırladaq ki, komandalar arasında bir həftə əvvəl Londonda keçirilən ilk görüş “Kristal Palas”ın 3:0 hesablı darmadağını ilə yekunlaşmışdı. İki oyunun nəticəsinə görə (4:2) yarımfinala yüksələn London təmsilçisi bu mərhələdə Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacaq. “Fiorentina” isə öz meydanındakı qələbəyə rəğmən turnirlə vidalaşıb.
22:51
UEFA Konfrans Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsi çərçivəsində Niderlandın “AZ Alkmar” və Ukraynanın “Şaxtyor” komandaları arasında cavab görüşü keçirilib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunun ilk hissəsində azarkeşlər dörd qolun şahidi olublar. 58-ci dəqiqədə qonaqların vingeri Alison hesabı açıb. Meydan sahibləri bu qola 73-cü dəqiqədə İsak Yensenlə cavab veriblər. 80-ci dəqiqədə Matey Şin Niderland təmsilçisini önə çıxarsa da, “Şaxtyor”un braziliyalı üzvü Luka Meirelles 84-cü dəqiqədə tarazlığı bərpa edərək yekun hesabı müəyyənləşdirib.
Xatırladaq ki, aprelin 9-da keçirilən ilk görüşdə Ukrayna klubu rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. İki oyunun nəticəsinə görə (5:2) yarımfinala yüksələn “Şaxtyor” bu mərhələdə “Fiorentina” - “Kristal Palas” cütünün qalibi ilə qarşılaşacaq.
09:25
Bu gün UEFA Konfrans Liqasının yarımfinalçıları bəlli olacaq.
İdman.Biz xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “AZ Alkmaar” (Niderland) ilə “Şaxtyor Donetsk” (Ukrayna) üz-üzə gələcək. Bu qarşılaşma saat 20:45-də baş tutacaq.
Digər matçlarda isə “Fiorentina” (İtaliya) klubu “Kristal Pelas” (İngiltərə) ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi
16 aprel
20:45. “AZ Alkmaar” (Niderland) - “Şaxtyor Donetsk” (Ukrayna)
İlk oyun - 0:3
23:00. “Fiorentina” (İtaliya) - “Kristal Palas” (İngiltərə)
İlk oyun - 0:3
23:00. “Strasbur” (Fransa) - “Maynts 05” (Almaniya)
İlk oyun - 0:2
23:00. AEK (Afina, Yunanıstan) - “Rayo Valyekano” (İspaniya)
İlk oyun - 0:3
