Fransa millisinin və İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-da bir neçə tarixi rekorda imza atmaq imkanına malikdir.
İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu turnir ərzində dörd mühüm göstərici üzrə tarixə düşə bilər.
Mbappe Fransa millisinin heyətində indiyədək 56 qol vurub. Bu göstəricidə rekord 57 dəfə fərqlənən Olivye Jiruya məxsusdur. Hücumçu mundialda iki qol vuracağı təqdirdə Jirunu geridə qoyaraq yığmanın tarixi ərzində ən yaxşı bombardiri olacaq.
Fransalı ulduz dünya çempionatlarında keçirdiyi 14 qarşılaşmada 12 dəfə rəqib qapılarına yol tapıb. Fransa futbolçuları arasında rekord 13 qolla Jüst Fontenə məxsusdur. Mbappe daha iki dəfə fərqlənməklə bu nəticəni də yeniləyə bilər.
Dünya çempionatları tarixinin bombardiri isə 16 qolla Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozedir. Mbappenin hesabında 12 qol olduğundan, rekordun yeni sahibi olmaq üçün ona DÇ-2026-da beş qol lazımdır.
Kilian Mbappe dünya çempionatlarının final görüşlərində vurduğu dörd qolla artıq rekordçudur. O, 2018-ci ildə Xorvatiyaya bir, 2022-ci ildə isə Argentinaya üç qol vurub. Fransa millisi yenidən finala yüksələrsə və hücumçu həlledici qarşılaşmada fərqlənərsə, mundialların finalında beş qol vuran ilk futbolçu olacaq.
