Fransa Liqa 1-in 30-cu turu çərçivəsində “Lans” öz meydanında “Tuluza”nı qəbul edib. Oyun meydan sahiblərinin 3:2 hesablı dramatik qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar altıncı dəqiqədə Kristian Kasseresin qolu ilə önə keçiblər. Çox keçmədən Seni Kumbassa “Tuluza”nın üstünlüyünü iki topa çatdırıb. Lakin qonaqların sevinci uzun sürməyib. Yann Qbounun qırmızı vərəqə alaraq meydandan qovulması oyunun axarını tamamilə dəyişib.
Sayı üstünlüyündən maksimum yararlanan “Lans” fasilədən sonra hücumlarını kəskinləşdirib. 61-ci dəqiqədə Saud Abdulhamid fərqi azaldıb, Adrien Tomasson isə tarazlığı bərpa edib. Matçın taleyini uzatma dəqiqələrində İsmaelo Qanyu həll edib. Onun vurduğu qol “Lans”a vacib 3 xal qazandırıb.
Bu qələbədən sonra xallarının sayını 62-yə çatdıran “Lans” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 37 xalı olan “Tuluza” isə 10-cu yerdədir.
