Akrobatika gimnastikası üzrə qadın qrupumuz Dünya Kubokunu qızıl medalla başa vurub - YENİLƏNİB + FOTO/VİDEO

7 İyun 2026 20:43
1 140
Akrobatika gimnastikası üzrə qadın qrupumuz Dünya Kubokunu qızıl medalla başa vurub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan təmsilçiləri Milli Gimnastika Arenasında keçirilmiş akrobatika və aerobika gimnastikası üzrə FIG Dünya Kuboku və AGF Trophy kubokunda üç qızıl medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilir ki, üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə ümumilikdə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı bacarıqlarını nümayiş etdirib.

Dünya Kubokunda Azərbaycan millisi yarışı bir qızıl medalla başa vurub. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrup rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazanıb.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək icra xalını toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Aerobika gimnastikası üzrə fərdi proqramda kişilər arasında Anton Kolobov (Rusiya), qadınlarda Anastasiya Dmitriyeva (Rusiya), qarışıq cütlük proqramında Borislava İvanova və Hristo Manolov (Bolqarıstan), akrobatika gimnastikası üzrə isə qadın qrupumuz Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva AGF Trophy kubokuna layiq görülüblər.

Aerobika gimnastikası üzrə favorit qarışıq cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.025 xalla yarışı 4-cü, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət "üçlük" isə 17.588 xalla dördüncü pillədə başa vurub.

Beynəlxalq turnirdə isə Azərbaycan gimnastları akrobatika və aerobika növləri üzrə ümumilikdə 6 proqramda təmsil olundular. Yarışların yekun nəticələrinə əsasən, aerobika gimnastikası üzrə təmsilçilərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.

Yeniyetmələrin yarışında qarışıq cütlüklər proqramında Mədinə İbrahimli və Toğrul Gülmalıyev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Həmin proqramda çıxış edən Səma Hacızadə və Arif Məmmədzadə isə gümüş medala layiq görülüblər. Fərdi proqramda Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazanıb.

Yeniyetmələr arasında "üçlük" proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə bürünc medal əldə ediblər. Qrup proqramında çıxış edən Nuray Əliyeva, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli və Xədicə Ələsgərova da bürünc medala sahib olublar.

Gənclər yaş kateqoriyasında qrup proqramında mübarizə aparan Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova da bürünc mükafat qazanaraq komandanın medal hesabını artırıblar.

Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri iki qızıl, iki gümüş və üç bürünc medalla, Dünya kubokunu isə bir qızıl medalla başa vurublar.

17:58

Akrobatika gimnastikası üzrə Azərbaycan qadın qrup komandası Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.

İdman.Biz xəbər verir ki, Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət üçlük final mərhələsində uğurlu çıxış edərək bütün rəqiblərini üstələyib.

Təmsilçilərimiz yarışın qızıl medalını qazanmaqla yanaşı, AGF Trophy kubokuna da sahib çıxıblar.

Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.

13:09

Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan təmsilçiləri Bakıda keçirilən Dünya Kubokunun final mərhələsində mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa bu gün yekun vurulacaq. Son gündə idmançılar medal uğrunda qüvvələrini sınayacaqlar.

Akrobatika gimnastikasında Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu 57.370 xal toplayaraq final mərhələsinə yüksəlib. Kişi cütlüyündə Seymur Cəfərov və Rəsul Seyidli 54.300 xalla həlledici raunda adlayıblar.

Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 18.550 xal nəticə ilə finala vəsiqə qazanıblar. Üçlük proqramında çıxış edən Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə 17.088 xalla mükafatlar uğrunda mübarizə aparmaq hüququ əldə ediblər.

Final çıxışlarından sonra Bakıda keçirilən Dünya Kubokunun qalibləri və mükafatçıları bəlli olacaq.

FOTO: İslam Atakişiyev

İdman.Biz