Azərbaycanın “Flame” komandası Avropada qızıl medal qazandı - FOTO

12 İyul 2026 21:55
103
Azərbaycanın “Flame” komandası Avropada qızıl medal qazandı - FOTO

Azərbaycanın “Flame” komandası İtaliyanın Pistoya şəhərində keçirilən “Gimnastika hamı üçün” növü üzrə beşinci “European Gym for Life Challenge” festivalında qızıl medala layiq görülüb.

İdman.Biz Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 21 ölkədən 4000-ə yaxın gimnast iştirak edib. Azərbaycanı təmsil edən “Flame” komandası 74 kollektiv arasında uğurlu çıxışı ilə diqqət çəkib.

Komandamız kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə həm tamaşaçıların, həm də münsiflər heyətinin rəğbətini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblərin mükafatlandırılması mərasimində Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov da iştirak edib.

Pistoyada gimnastika bayramı iyulun 12-dən 16-dək keçirilən “EUROGYM 2026” festivalı ilə davam edir. İki ildən bir təşkil olunan festival bu dəfə 25 ölkədən 5000-ə yaxın iştirakçını bir araya gətirib.

Kütləviliyi və rəngarəng proqramı ilə seçilən “EUROGYM” müxtəlif yaş qruplarından olan gimnastlara bacarıqlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq dostluq əlaqələrini möhkəmləndirmək imkanı yaradır.

İdman.Biz