Fərid Qayıbov: “Yaxın aylarda bizi çoxlu maraqlı hadisələr gözləyir”

10 İyul 2026 11:27
72
Fərid Qayıbov: “Yaxın aylarda bizi çoxlu maraqlı hadisələr gözləyir”

Azərbaycanın gənclər və idman naziri, eyni zamanda Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov bildirib ki, 2027-ci il Avropa Oyunlarının proqramına gimnastikanın altı növünün daxil edilməsi planlaşdırılır.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Avropa gimnastikasında yarış mövsümünün əsas hadisələrindən danışıb.

İdman.Biz xəbər verir ki, Avropa Gimnastikasının (EG) prezidenti qeyd edib ki, Avropa Gimnastikasının yeni rəhbərliyi ilə birgə bir neçə aylıq planlaşdırma və hazırlıq işlərindən sonra mövsüm Portuqaliyanın Portimau şəhərində keçirilən batut, ikiqat mini-batut və tamblinq üzrə Avropa çempionatı ilə başlayıb.

“Portuqaliya üçün artıq adət halını aldığı kimi, yarışlar qüsursuz təşkil olunmuşdu. Texniki Komitəmiz yarış cədvəlini əhəmiyyətli dərəcədə yenidən işləyərək komanda finallarını bir yarış günündə birləşdirdi, son günü isə tamamilə fərdi və sinxron finallara həsr etdi. İdmançıların layiq olduqları diqqəti alması, tamaşaçıların isə əsl idman şousu izləməsi üçün ardıcıl 19 finaldan ibarət əsl marafon təşkil olundu”, – deyə F.Qayıbov Avropa Gimnastikasının rəsmi saytında dərc olunan ənənəvi "Prezidentin qeydləri" rubrikasında vurğulayıb.

O, bədii gimnastika üzrə Avropa Kubokundan da söz açıb. Yarış üçüncü dəfə ardıcıl olaraq Bakıya qayıdıb.

“Böyüklər arasında keçirilən “Cross Battles” yarışları ilə yanaşı, yeniyetmə komandalar arasında da eyni formatı tətbiq etdik. “European Gymnastics 2030 Strategy” yarışın bir hissəsidir və məqsədi yarışlarımızı daha da cəlbedici etməkdir. Bundan başqa, Varnada keçirilən bədii gimnastika üzrə Avropa çempionatının çoxnövçülük finalı üçün yeni, daha baxımlı format təqdim etdik. Yarışın müddətini əhəmiyyətli dərəcədə qısaltdıq və gimnastlar arasında mübarizəni daha dinamik etdik. Bu, həm idmançılar, həm də tribunadakı və dünyanın müxtəlif ölkələrində televiziya qarşısında yarışları izləyən azarkeşlər üçün mühüm yenilikdir. Artıq ən yaxşı 20 gimnast yarışa halqa və topla hərəkətlərlə başlayır. Bundan sonra ən güclü 10 gimnast gürz və lent proqramı ilə mübarizəni davam etdirir və bunu cari reytinqə uyğun olaraq əks ardıcıllıqla həyata keçirir. Gərgin intriqa təmin olunub!”, – deyə F.Qayıbov bildirib.

O əlavə edib ki, ilin əvvəlində, 2025-ci il Konqresində Baş Assambleyanın qəbul etdiyi qərara uyğun olaraq, parkur üzrə(maneələri mümkün qədər sürətli və səmərəli şəkildə dəf etməyə əsaslanan idman növü – red) İşçi Qrupu yaradılıb. Qrupa əvvəllər Dünya Gimnastika Federasiyasının parkur komissiyasında fəaliyyət göstərmiş, Avropa Gimnastikasının sabiq vitse-prezidenti Mişel Butar (Fransa) rəhbərlik edir.

İyun ayında işçi qrupunun ilk iclası keçirilib. İştirakçılar parkur üzrə son yenilikləri müzakirə edib, 2027-ci il Avropa Oyunlarının proqramı ilə bağlı təkliflər hazırlayıb, milli federasiyalar arasında keçirilmiş sorğunun nəticələrini təhlil edib və İcraiyyə Komitəsinin müəyyən etdiyi məqsədlərə çatmaq yollarını müəyyənləşdiriblər.

Qrupun əsas vəzifəsi Avropada parkurun vəziyyətini, kütləvi səviyyədən başlayaraq araşdırmaq, onun potensialını qiymətləndirmək və 2027–2029-cu illər üçün məqsədlər, büdcə və inkişaf planı ilə bağlı Avropa Gimnastikasının İcraiyyə Komitəsinə təkliflər təqdim etməkdir. Həmçinin Dünya Gimnastika Federasiyasının parkur üzrə Texniki Komitəsinin sədri Şarl Perrye və komitənin üzvü Aymen Bustila ilə hər iki təşkilatın ümumi məqsədlərinin uzlaşdırılması üçün görüş keçirilib.

Xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də İstanbulda keçiriləcək 2027-ci il Avropa Oyunlarıdır.

“Biz 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında, daha sonra isə Minskdə təqdim olunan gimnastikanın eyni altı növünü proqrama daxil etməyə çalışırıq. Bunlar kişi və qadınlar arasında idman gimnastikası, bədii gimnastika, akrobatik gimnastika, aerobika gimnastikası və batut gimnastikasıdır”, – deyə F.Qayıbov bildirib.

O, qarşıdakı yarış planlarından da danışıb.

“Yaxın iki ay ərzində bizi çoxlu maraqlı hadisələr gözləyir. İtaliyanın Pistoya şəhərində “European Gym for Life Challenge” start götürəcək. Üç gün ərzində 21 ölkədən 138 kollektivin tərkibində çıxış edəcək 3437 gimnast öz proqramlarını təqdim edəcək.

Bunun dərhal ardından “Pistoiya 15-ci EUROGYM” festivalına ev sahibliyi edəcək. Bu, Avropanın müxtəlif ölkələrindən yeniyetmələr üçün ən böyük gimnastika festivalıdır və burada 25 ölkədən 4200 iştirakçı bir araya gələcək. Gənc gimnastlar ustad dərslərində iştirak edəcək və şəhərin tarixi mərkəzində müxtəlif meydançalarda çıxış edəcəklər. Festivalın əsas məqsədi gimnastikanın təbliği, müxtəlif ölkələrdən olan gənc idmançılar arasında dostluğun və mədəni mübadilənin möhkəmləndirilməsidir.

Avqust ayında isə bütün Avropanın diqqəti Xorvatiyanın paytaxtı Zaqrebə yönələcək. Burada qadınlar və kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatları keçiriləcək", - deyə F.Qayıbov qeyd edib.

Qeyd edək ki, dünya səviyyəsində bu ilin ilk dünya çempionatı da avqust ayında keçiriləcək. Bədii gimnastika ictimaiyyəti Almaniyanın Frankfurt şəhərində bir araya gələcək. Sentyabr ayında isə aerobika və akrobatik gimnastika üzrə dünya çempionatları təşkil olunacaq.

“Bütün yay yarışlarımızın iştirakçılarına parlaq təəssüratlar, uğurlu çıxışlar və unudulmaz təcrübə arzulayıram!” – deyə F.Qayıbov fikrini yekunlaşdırıb.

İdman.Biz