Koimbrada medal yağışı: Azərbaycan gimnastlarından parlaq nəticə - FOTO/VİDEO

5 İyul 2026 23:28
97
Koimbrada medal yağışı: Azərbaycan gimnastlarından parlaq nəticə - FOTO/VİDEO

Azərbaycanın batut gimnastikası və tamblinq üzrə təmsilçiləri Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya kubokunun final mərhələsində medallar qazanıblar.

İdman.Biz xəbər verir ki, batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov 61.440 xal toplayaraq yarışı yeddinci pillədə başa vurub.

Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medal əldə ediblər.

Tamblinq üzrə mübarizədə Mixail Malkin bütün rəqiblərini qabaqlayıb. O, 32.300 xalla qızıl medal qazanıb. Tofiq Əliyev isə 29.300 xalla üçüncü yeri tutaraq bürünc medala sahib çıxıb. Gümüş medal Portuqaliya təmsilçisi Vasko Pesoya qismət olub.

Azərbaycan gimnastları eyni gündə keçirilən “Coimbra GymFest” beynəlxalq turnirində də uğurlu çıxışları ilə yadda qalıblar. Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl, Hüseyn Abbasov isə gümüş medal qazanıb.

Tamblinq üzrə komanda yarışlarında Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərdi proqramda Bilal Qurbanov qızıl, Aleksey Karataşov isə bürünc medal əldə edib. Bundan başqa, Sənan Rzazadə qızıl, Əsnad Niftiyeva və Xədicə Məmmədzadə gümüş medalla turniri başa vurublar.

İdman.Biz