“Karyeramda belə çətin final hələ olmayıb” - Mixail Malkinin İDMAN.BİZ-ə AÇIQLAMASI

8 İyul 2026 17:01
86
“Karyeramda belə çətin final hələ olmayıb” - Mixail Malkinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya Kubokunun əsas qəhrəmanı olub. O, nəinki yarışın qalibi olub, həm də indiyədək heç kimin yerinə yetirmədiyi kombinasiyanı nümayiş etdirib. Bu idman cəsarəti azərbaycanlı gimnasta qızıl medal qazandırıb.

İkiqat dünya çempionu İdman.Biz-ə açıqlamasında çıxışını dəyərləndirib.

İdmançı hisslərinə görə proqramını sadəcə ideal yerinə yetirdiyini etiraf edib.

“Səfər hər mənada uğurlu alındı. Dünya Kuboku ərzində hazırladığım dörd proqramın hamısını uğurla yerinə yetirdim, onları dəqiq icra etdim. Təəssüratlarım əladır. Çünki bu kombinasiyanı dünyada indiyədək heç kim yerinə yetirməyib. İndi isə onun müəllifi mənəm”, - deyə Malkin bildirib.

O, həmçinin final çıxışından əvvəl baş verənlərdən danışıb.

“Məşqçim Adil Hüseynzadə dəfələrlə deyirdi ki, bu proqramı rahatlıqla yerinə yetirə bilərəm. Məndən soruşurdu ki, niyə cəhd etməyim, axı onu geniş ictimaiyyətə göstərmək lazımdır. Məşqçim məni bu məsələdə o qədər motivasiya etdi ki, nəhayət həmin kombinasiyanı yerinə yetirdim”, - deyə gimnast bildirib.

Bununla yanaşı, Portuqaliyanın onun üçün uğurlu ölkə olduğunu da vurğulayıb. Koimbradakı Dünya Kubokunda qazanılan qələbə Malkinin karyerasında bu turnirdə dördüncü çempionluq olub. O, ilk dəfə burada 2022-ci ildə qalib gəlib, daha sonra ardıcıl daha iki dəfə birinci olub. Ötən il bu yarışda iştirak etməyən gimnast bu il yenidən Koimbraya qayıdaraq növbəti titulunu qazanıb.

“Zal çox rahatdır, akrobatika cığırı da yüksək səviyyədədir. Koimbrada çıxış etməyi sevirəm. Növbəti dəfə Azərbaycanın dövlət himninin səslənməsi çox xoş oldu”, - deyə Mixail bildirib.

O, həmçinin həm turnirin, həm də iştirakçıların səviyyəsinin son dərəcə yüksək olduğunu qeyd edib.

“Açığını deyim, karyeramda belə çətin final hələ olmayıb. İlk səkkizlikdə yer alan idmançılardan dördü eyni - 30,000 xal topladı. Səviyyə sadəcə inanılmaz idi. Buna görə də belə mübarizədə qalib gəlmək xüsusilə xoşdur. Sevindirici haldır ki, milli komandadakı yoldaşım Tofiq Əliyev də bürünc medal qazandı. Avropa çempionu, portuqaliyalı Vasko Peso isə ikinci oldu. Gərginliyinə görə Koimbradakı Dünya Kuboku uzun müddət yaddaşımda qalacaq”, - deyə Malkin etiraf edib.

Xatırladaq ki, bu, onun cari mövsümdə ikinci qələbəsidir. O, daha əvvəl Bakıda keçirilən Dünya Kuboku mərhələsində də birinci yeri tutub.

Gimnast çıxışlara yanaşmasını bir qədər dəyişdiyini və bunun ona kömək etdiyini də bildirib.

“Mən sadəcə akrobatika cığırına çıxanda heç nə haqqında düşünməməyə çalışıram: sürət yığıram, qaçıram və bütün diqqətimi elementimi yerinə yetirməyə cəmləyirəm. Bu baxımdan başımı artıq fikirlərlə yükləmirəm və sadəcə həmin anı yaşayıram”, - deyə gimnast sözlərini yekunlaşdırıb.

İdman.Biz