DÇ-2026: Holand Braziliyanı mundialdan sildi, Norveç 1/4 finalda - YENİLƏNİB + VİDEO

6 İyul 2026 02:13
867
DÇ-2026: Holand Braziliyanı mundialdan sildi, Norveç 1/4 finalda - YENİLƏNİB + VİDEO

Norveç futbol millisi DÇ-2026-nın 1/8 finalında Braziliya ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, “Metlayf” stadionunda keçirilən qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Braziliya matçın əvvəlində hesabı açmaq üçün yaxşı imkan əldə edib. Lakin Bruno Qimaraes 14-cü dəqiqədə penaltidən yararlana bilməyib.

Görüşün taleyini Erlinq Holand həll edib. Norveç millisinin hücumçusu 79-cu dəqiqədə hesabı açıb. O, 89-cu dəqiqədə daha bir qol vuraraq dublunu rəsmiləşdirib.

Braziliya millisin gücü yalnız 90+10-cu dəqiqədə Neymarın vurduğu penalti zərbəsinə çatıb.

Bu nəticədən sonra Norveç 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə Meksika - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Braziliya isə mundialla vidalaşıb və 36 ildən sonra ilk dəfə turnirin 1/4 finalına yüksələ bilməyib. Sonuncu dəfə "sambaçılar" oxşar nəticəni 1990-cı il dünya çempionatında göstəriblər. Həmin vaxt komanda 1/8 finalda Argentinaya 0:1 hesabı ilə uduzub.

Braziliya millisi mundiallar tarixində ən titullu komandadır. Cənubi Amerika təmsilçisi 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə dünya çempionu olub. Komanda son çempionluqdan sonra final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, Braziliya və Norveç yığmaları indiyə qədər beş dəfə qarşılaşıblar və Norveç millisi yeganə komandadır ki, Braziliya onu məğlub edə bilməyib. Qarşılaşmalarda Norveç heyətinin hesabında üç qələbə var. İki oyun isə heç-heçə başa çatıb.

02:04

Brazliya millisi əsas vaxtın uzatma dəqiqəsində - 90+10-da Neymarın penalti zərbəsi ilə hesab arasındakı fərqi azaldır - 1:2.

01:53

Erlinq Holand 90-cı dəqiqədə dubl edərək oyunun taleyinə aydınlıq gətirir - 0:2.

01:42

Holand 80-ci dəqiqədə Norveçi hesabda önə çıxardı - 0:1.

01:06

Futbol üzrə DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç qarşılaşmasında ikinci hissə başladı. İlk yarıdan sonra hesab açılmayıb.

00:52

Qarşılıqlı hücumlarla müşahidə olunan Braziliya - Norveç oyununda ilk hissə başa çatdı. Komandaların bir neçə dəfə hesabı açmaq şansları olsa da, tərəflər buna nail ola bilmədilər.

00:15

Braziliya millisi oyunun 14-cü dəqiqəsində Bruno Gimaraeşin penalti zərbəsi ilə hesabda önə çıxmaq fürsətindən yararlana bilmədi.

00:05

Oyunun üçüncü dəqiqəsində Norveç millisinin heyətindən Sörlot hesabı açsa da ofsayd səbəbindən qol ləğv edildi.

23:59

Futbol üzrə DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç qarşılaşması başladı. Oyun Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.

23:07

Braziliya və Norveç futbol millilərinin DÇ-2026-da keçirəcəkləri matçın start heyəti açıqlanıb.

İdman.Biz xəbər verir ki, Neymar qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq. Braziliyanın hücum xəttində isə Vinisius, Rayan və Qabriel Martinelli yer alıb.

Braziliyanın start heyəti belədir: Alisson, Duqlas Santos, Qabriel, Markinyos, Danilo, Kazemiro, Bruno Gimaraeş, Mateus Kunya, Vinisius, Rayan, Qabriel Martinelli.

Norveç millisində isə əsas diqqət Erlinq Holand və Martin Edeqora yönəlib. Hər iki futbolçu start heyətdədir.

Norveçin start heyəti: Eryan Nyuland, Yulian Ryerson, Kristoffer Ayer, David Möller Volf, Torbyorn Heqqem, Martin Edeqor, Patrik Berq, Sander Berqe, Antonio Nusa, Aleksander Sörlot, Erlinq Holand.

Qeyd edək ki, Neymarla yanaşı, Braziliyanın ehtiyat oyunçuları arasında Rafinya, Endrik, Luis Enrike, Fabinyo və Ederson da var.

İdman.Biz