ABŞ futbol millisinin hücumçusu Folarin Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı meydana çıxa biləcək.
İdman.Biz xəbər verir ki, FIFA futbolçunun Bosniya və Herseqovina ilə oyundakı kobud qayda pozuntusuna görə mümkün diskvalifikasiyasını sonraya saxlayıb.
Baloqun həmin qarşılaşmada rəqib futbolçuya qarşı sərt müdaxiləsi ilə diqqət çəkib. Epizod sosial şəbəkələrdə geniş müzakirə olunub və hücumçunun cəzalandırılacağı gözlənilirdi.
Lakin qərarın dərhal qüvvəyə minməməsi səbəbindən Baloqun Belçika ilə 1/8 final matçında ABŞ millisinə kömək edə biləcək.
Məsələyə ABŞ prezidenti Donald Tramp da münasibət bildirib. O, FIFA-nın qərarını alqışlayıb:
“FIFA-ya düzgün davrandığı və böyük ədalətsizliyi aradan qaldırdığı üçün təşəkkür edirəm”.
Trampın bu açıqlaması sosial şəbəkələrdə müzakirələri daha da artırıb. Bəzi istifadəçilər qərarın verilməsində onun mövqeyinin təsirli olub-olmadığını sual ediblər.
Qeyd edək ki, ABŞ - Belçika görüşü DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində, 7 iyul, Bakı vaxtı ilə saat 04:00-da keçiriləcək.
