Dünya Gimnastikası Federasiyası (World Gymnastics) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya idmançıları ilə bağlı qəbul etdiyi qərarı müsbət qiymətləndirib.
İdman.Biz-in məlumatına görə, federasiya BOK-un Rusiya Olimpiya Komitəsinin üzvlüyünü bərpa etməsini və rusiyalı idmançılarla bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə etməsini dəstəkləyib.
“World Gymnastics”in yaydığı bəyanatda idmanın siyasi məsələlərdən kənarda qalmasının vacibliyi vurğulanıb.
“World Gymnastics” iyulun 7-də BOK İcraiyyə Komitəsinin qəbul etdiyi qərarları alqışlayır və uzun illərdir müdafiə etdiyi mövqeyini bir daha təsdiqləyir. İdman siyasi mülahizələrdən asılı olmamalı, bütün dünyada idmançılar və idman ictimaiyyəti arasında birlik, ədalət, qarşılıqlı hörmət və həmrəyliyi təşviq edən neytral platforma olaraq qalmalıdır.
“World Gymnastics” beynəlxalq idmanın birliyi və bütövlüyünün qorunması naminə BOK və olimpiya hərəkatı ilə sıx əməkdaşlığı davam etdirmək əzmindədir”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Dünya Gimnastikası Federasiyası hələ may ayında rusiyalı idmançıların ölkə bayrağı və himni altında beynəlxalq yarışlarda iştirakına icazə vermişdi.
