Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçirilib. NTD və “Neftçi” komandaları yarımfinala vəsiqə uğrunda ikinci dəfə üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüşdə “Neftçi” komandası meydanı 119:99 hesablı parlaq qələbə ilə tərk edib. İlk oyundakı məğlubiyyətin əvəzini çıxan “ağ-qaralar” seriyada hesabı bərabərləşdiriblər.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk dueldə NTD 97:94 hesabı ilə qalib gəlmişdi. Mövcud qaydalara əsasən, yarımfinala adlayan tərəf bu kollektivlər arasında keçiriləcək üçüncü görüşdən sonra bəlli olacaq.
16:08
“Gəncə” Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyununda qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv “Ordu” ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında gerçəkləşən qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 85:78.
İlk görüşdə “Ordu” qələbə qazandığı (108:106) üçün yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.
Günün ikinci matçında NTD və “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib - 97:94.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.
09:37
Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start veriləcək.
İdman.Biz xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.
“Ordu” komandası səfərdə “Gəncə” ilə üz-üzə gələcək. Matç Gəncə İdman Sarayında keçiriləcək və start fiti saat 14:00-da səslənəcək. Tərəflər arasında baş tutan ilk qarşılaşmada “hərbçilər” 108:106 hesablı qələbə qazanmışdı.
Günün digər oyununda isə NTD ilə “Neftçi” kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Komandaların ilk duelində NTD 97:94 hesabı ilə üstün olmuşdu.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.
