Emmanuel Agbason: “Uğurumun arxasında komanda yoldaşlarım dayanır”

14 Aprel 2026 12:13
251
Emmanuel Agbason: “Uğurumun arxasında komanda yoldaşlarım dayanır”

FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi “5-lik”də yer alan “Sabah” basketbol klubunun U-18 komandasının üzvü Emmanuel Agbason bu nailiyyətə görə komanda yoldaşlarına minnətdardır.

Gənc oyunçu bu barədə özü məlumat verib.

“Bunun üçün onlara təşəkkür edirəm. Mən də kollektiv üçün hər şeyi etməyə çalışdım. Digər basketbolçuların da zəhməti mənim fərdi uğuruma töhfə verdi. Düşünürəm ki, gələcəkdə daha yaxşı mübarizə apara biləcəyik. Ümumiyyətlə, yarış bizim üçün çox yaxşı keçdi və əla təcrübə oldu. Bu səbəbdən gələcəyə daha nikbin baxırıq”, - deyə o, report.az-a açıqlamasında deyib.

Azərbaycan millisinin də formasını geyinən E.Agbason heyətin bu turnir üçün yeni formalaşdığını söyləyib:

“İlk dəfə idi ki, belə bir yarışda iştirak edirdik. Birinci oyunda istədiyimiz kimi çıxış edə bilmədik. Amma ikinci matçda hər şey istədiyimiz kimi oldu. Bir-birimizi daha yaxşı başa düşürdük. Beləliklə, qalib gəldik. Üçüncü oyunda da qalib gəlmək istəyirdik. Sona qədər mübarizə apardıq, amma alınmadı. Buna baxmayaraq, dördüncü qarşılaşmada qalib gəldik. Düşünürəm ki, komandamız çox yaxşı çıxış etdi”.

Qeyd edək ki, qrupdakı ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya (58:88) məğlub olan sabah Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivinə qalib gəlib - 72:61. U-18 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın “Borats” klubuna uduzsa (60:67) da, 7-8-ci yerlər uğrunda matçda Türkiyənin “Tofaş” komandasını üstələyib - 86:60.

İdman.Biz