“Sabah”ın məşqçisi Kurtinaytis: “Azərbaycanda hər şey var, sadəcə işləmək lazımdır” - MÜSAHİBƏ + FOTO

14 Aprel 2026 17:43
227
“Sabah”ın məşqçisi Kurtinaytis: “Azərbaycanda hər şey var, sadəcə işləmək lazımdır” - MÜSAHİBƏ + FOTO

Litvanın basketbol əfsanəsi, “Sabah” Basketbol Klubunun baş məşqçisi Rimas Kurtinaytis geniş müsahibə verib.

Olimpiya çempionluğundan tutmuş Azərbaycan basketboluna baxışına, “Jalgiris”dən “Sabah”a uzanan məşqçilik yoluna qədər bir çox mövzuya toxunan təcrübəli mütəxəssis həm idman karyerasının maraqlı məqamlarını, həm də ölkəmizdə basketbolun inkişafı ilə bağlı fikirlərini bölüşüb.

“Sabah” Basketbol Klubunun baş məşqçisi Rimas Kurtinaytisin futbolinfo.az-a müsahibəsini təqdim edirik:

– Latviya və Estoniya ilə müqayisədə basketbol Litvada niyə daha populyardır? Sizin onlardan fərqiniz nədədir?

– Latviyada basketbol xüsusilə İkinci Dünya müharibəsindən sonra populyarlaşıb, Estoniyada isə o qədər də yayılmayıb. Litvada isə bu idman növü həmişə sevilib – komanda 1937 və 1939-cu illərdə Avropa çempionu olub.

Bu gün Litva və Latviyada basketbolun populyarlığı yaxın olsa da, Litvada daha üstündür. Ölkə müstəqillikdən sonra 1992, 1996 və 2000-ci illərdə Olimpiadanın bürünc medalını qazanıb, SSRİ dövründə isə Kaunas “Jalgiris”i uğurlu çıxışları ilə seçilib.

– 7 yaşınız olarkən, böyük qardaşınız Robertas sizi rayon basketbol seksiyasına yazdırıb. Bu oyuna marağı sizdə kim oyadıb?

– Sovet dövründə uşaqlar mütləq hansısa məşğuliyyətə cəlb olunurdu. Mən də basketbola başladım və dərhal xoşuma gəldi. Kaunas yaxınlığında böyümüşəm, internet yox idi, televizor da məhdud idi – buna görə vaxtımızın çoxunu küçədə müxtəlif oyunlar oynayaraq keçirirdik.

– Bəs uşaq vaxtı idmandan başqa maraqlarınız olub?

– Bəli, 5-ci sinifə qədər yaxşı rəsm çəkirdim. Uşaq bağçasına getdiyim vaxt isə rəsmlərim sərgilərdə nümayiş etdirilirdi. Müəlliməm 5-ci sinifə qədər hər dəfə məni rəsm çəkməyə həvəsləndirirdi. Yəqin, məndə potensial görürdü. Lakin mən idmanı seçdim.

– 1980-ci illərin əvvəlində Vilnüs Bədən Tərbiyəsi İnstitutundan xaric olunduz. Bunun səbəbi nə idi?

– Zəif davamiyyətim. Çünki o zaman artıq “Jalgiris”in əvəzedicilərində oynayırdım, əsas komandaya düşməyə yaxın idim. Çoxlu məşqlərimiz, oyunlarımız olurdu. İnstituta nadir hallarda gəlirdim.

– Bəs nailiyyətlərinizə baxıb sizə güzəştə getmədilər?

– 20 yaşımda hələ böyük nailiyyətim yox idi, amma “Jalgiris”in əsas komandasına çox yaxın idim. Buna baxmayaraq, təhsili ikinci plana atdım və institutdan xaric olundum. Səhvi başqalarında yox, özümdə gördüm - davamiyyətim zəif idi və bəzən məşqlərin arxasında gizlənirdim.

Xaric olunandan dərhal sonra sovet ordusuna göndərildim və Riqada 2 il sıravi əsgər kimi xidmət etdim. Orada kim olduğunun fərqi yox idi - hamı kimi çətinliklərdən keçdim, nizam-intizam və dözümlülük öyrəndim.

Qayıtdıqdan sonra rektora təşəkkür etdim, çünki məni doğru yola yönəltmişdi. Bu təcrübə məni daha güclü və müstəqil etdi – ordunun ən böyük qazancı da məhz bu idi.

– Hərbi xidmətdən sonra təhsilinizi davam etdirdiniz? Diplomunuz var?

– Ordudan qayıtdıqdan sonra “Jalgiris”in əsas komandasına düşdüm və sonradan təhsilimi də başa vurdum.

Yayda zavodda işləyərək 110 rubl qazanıb özümə ayaqqabı almışdım. Həmin təcrübə mənə çətin əməyin nə olduğunu göstərdi və qərar verdim ki, bir daha zavodda işləməyəcəyəm. Yaxşı ki, həyat elə gətirdi ki, basketbolda davam etdim.

– 1988-ci ildə Seulda olimpiya çempionu olmusunuz. Həmin yarışda həmçinin SSRİ futbol millisi də qalib adını qazandı. İqor Ponomaryovun oyununu xatırlayırsınız?

– Biz Olimpiya Kəndində yaşayırdıq - minlərlə idmançı bir ailə kimi birlikdə qalırdı. Mən də 5 Olimpiadada həmişə hamı ilə birgə yaşamışam.

Futbolçular isə adətən ayrıca yerləşdirilirdi, hətta bəzən gəmidə saxlanılırdılar. Bu yanaşmanı düzgün saymıram, çünki Olimpiya ruhu birlik və dostluq üzərində qurulub. Bu gün də İqor Ponomaryovla əlaqəm qalır, tez-tez görüşüb köhnə günləri xatırlayırıq.

– İqor Ponomaryov da hazırda “Sabah”da işləyir. Onunla tez-tez görüşmək imkanınız olur?

– Bu mövsüm oyunların vaxtı üst-üstə düşdüyü üçün az görüşürük. Ötən il “Sabah”ın demək olar bütün matçlarını, o cümlədən “Qarabağ”la oyunu stadiondan izləmişəm. “Sabah”ın çıxışını çox bəyənirəm - komanda bu mövsüm daha açıq və hücumameyilli futbol oynayır, sürətli ötürmələrdən istifadə edir. Əvvəlki illərlə müqayisədə oyun üslubu xeyli dəyişib və daha baxımlıdır.

– Dambrauskasın “Sabah”a təyinatına qədər onu tanıyırdınız?

– Litvada cəmi 3 milyon əhali var və insanlar bir-biri haqqında KİV vasitəsilə məlumatlı olur. Valdasla da şəxsi tanışlığım var idi. Litvalıların Azərbaycana gəlməsi təbiidir – burada idmana maraq böyükdür, təhlükəsizlik yüksək, qiymətlər münasibdir. Bakı xüsusilə təhlükəsiz və təmiz şəhərdir, hətta gecə saatlarında belə rahat gəzmək mümkündür. Bu baxımdan Azərbaycan bir çox Avropa ölkəsindən fərqlənir. Litvanın müstəqillik günündə təkcə ölkəmizin nümayəndələri deyil, həmçinin səfirlərin olduğu tədbirdə bir restorana yığışmışdıq. 2-3 saat söhbətləşmək imkanımız oldu. O, basketbolu çox yaxşı bilir, bu idman növünü sevir.

– Bu ilin yanvarına vəfat edən futbol “Jalgiris”inin əfsanəvi baş məşqçisi Benyaminas Zelkyaviçyus ilə münasibətləriniz necə idi?

– Münasibətlərimiz çox yaxşı idi. O, yaşca məndən böyük idi. Bəzən o, mən və basketbol “Jalgiris”inin sabiq baş məşqçisi Vladas Qarastas birgə restoranda otururduq. Çox içki içməsək də, həyatdan danışırdıq. Zelkyaviçyusu yaxşı tanıyırdım.

– Litva futbolunda vəziyyət necədir? Ölkənizdə bu idman növünü sevirlər?

– Millətlər Liqasında Litva və Azərbaycan oyunlarını maraqla gözləyirəm. “Sabah” və “Qarabağ”ın çıxışını nəzərə alsaq, Azərbaycan futbolunun səviyyəsi daha yüksək görünür, amma müqayisə maraqlı olacaq. Litvada isə futbol inkişaf edir - yeni stadionlar tikilir, uşaqlar arasında maraq artır və ölkədə futbol bumu yaşanır. Bu inkişafın nəticəsini yaxın illərdə görmək mümkün olacaq.

– Sizcə, hansı daha böyük nailiyyətdir: “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi və ümumiyyətlə hər mövsüm avrokubokların əsas mərhələsində oynaması, yoxsa basketbol “Jalgiris”inin Avroliqadakı çıxışı?

– Məncə, ümumən iştirak etmək vacibdir. Sevinirəm ki, “Sabah”ın basketbol komandası da Çempionlar Liqasında mübarizə aparır. Çünki bu, vacibdir. Yaxşı əşyalara sahib ola, onları evində saxlaya və heç kimə göstərməyə bilərsən. Məsələn, kimsə “Ermitaj”dan dəyəri 100 milyon olan rəsm əsərini oğurlayır, onu zirzəmidə asır və özü baxır. Ancaq bu, yanlışdır. Avrokuboklarda çıxış etməyin yalnız müsbət tərəfləri var. Çempionlar Liqasının futbolda necə vacib turnir olduğunu yaxşı bilirəm. Vaxtilə “Real”ın basketbol komandasında oynadığım vaxt futbol matçlarını “Santyaqo Bernabeu”dakı lojadan izləyirdik. “Sabah” da gələn mövsüm Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsə, əla olar. İnşallah, komanda çempion olar, artıq buna yaxındırlar. Düşünürəm ki, Çempionlar Liqasında mübarizə aparmağın özü böyük uğurdur. Hələ bu turnirin qalibi olmaqdan danışmıram.

– Litvada “Qarabağ”ın nəticələri ilə maraqlanırlar?

– Düşünürəm ki, hə. Çünki bizdə Çempionlar Liqasını sevirlər. Əvvəllər oyunları qaçırmırdım. İndi isə format dəyişəndən və komanda sayı artırılandan sonra o qədər vaxt tapa bilmirəm.

– “Real”ın hansısa futbolçuları ilə tanışlığınız var idi?

– Bəli, Davor Şuker ilə. Həmçinin Uqo Sançeslə.

– Azərbaycana ilk gəlişinizdə “Qala”nı çalışdırmısınız. Həmin vaxt Tahir Baxşıyev, Anar Sarıyev, Aleksandr Rındin kimi basketbolçuların inkişafında böyük rol oynamısınız. Hazırda belə istedadlarımız var?

– Potensial var, sadəcə işləmək lazımdır. Vaxtilə yaxşı komanda qurmuşdum, sonradan fasilə yarandı, amma indi federasiya düzgün istiqamətdə irəliləyir.

Əsas məsələ uşaqları cəlb etməkdir - zamanla bu, azarkeş bazasını böyüdür. “Jalgiris” nümunəsi də bunu göstərir: vaxtilə azarkeş az idi, indi isə illərdir tribunalar doludur.

– Basketbol üzrə Azərbaycan çempionatının səviyyəsi sizi qane edir?

– Bu mövsüm xüsusilə xoşuma gəlir - komandaların səviyyəsi yüksəlib, legionerlər də daha güclüdür. “Abşeron”, “Neftçi”, “Gəncə” kimi komandalar mübariz oynayır. Avrokuboklarda da yaxşı oyunlar oldu: “Alba”ya az fərqlə uduzduq, “Nimburk”a qalib gəldik, “Elan Şalon”a isə son anda məğlub olduq. Ümumilikdə nəticə az fərqlə qaçsa da, mübarizə var idi.

– Necə düşünürsünüz, “Sabah”ın basketbol komandası Litva çempionatında mübarizə aparsaydı, “Jalgiris” və “Ritas”la çempionpionluq uğrunda mübarizə aparardı?

– “Ritas”la hə, çünki mövsümöncəsi onlarla oynamışdıq. Yeri gəlmişkən, onlar Çempionlar Liqasının yarımfinalına vəsiqə qazandılar. “Sabah” “Ritas”a cəmi 7 xal fərqlə uduzmuşdu, “Jalgiris”ə isə 20 və ya daha çox xal fərqi ilə məğlub olmuşdu. Məncə, “Sabah” Litva liqasında çıxış etsəydi, ilk “4-lük”də yer alardı.

– Azərbaycanda idmandan başqa ən xoşunuza gələn və gəlməyən nədir?

– Hər şey xoşuma gəlir, heç bir problem yoxdur. İnsanlar yaxşı, mehribandır. Restorana gəlirsən, xidmət mədəniyyəti var. Yeməkləriniz əladır, hətta Litvadakı dostlarıma zəng edirəm ki, Azərbaycana gəlin, dünyanın ən yaxşı mətbəxi buradadır. Bakı çox gözəldir. 25 il əvvəl gördüyüm şəhərlə çox ciddi fərq var. Litvada “Bolt” taksi sifariş edirsənsə, 20 dəqiqə gözləyirsən və daha bahadır. Mənim üçün Bakıda həyat gözəldir: xidmətlə və basketbolla bağlı problem yoxdur. Heç bir ciddi çətinlik görmürəm. Avropada da hamıya deyirəm ki, Bakıya gəlin və özünüz hər şeyi görün.

– Litvanın idman naziri olmusunuz. Bəs ölkənizin prezidenti və ya baş naziri olmaq arzunuz var idi?

– Siyasətlə 80-ci illərdən məşğulam, amma idman kimi konkret nəticəsi olan sahəni daha çox sevirəm. İdmanda hər şey sənin əlindədir - ya qalib gəlirsən, ya yox. Siyasətdə isə nəticə hər zaman görünmür və müzakirəyə açıq olur. Mən isə ölçülə bilən, bir mövsümün sonunda nəticəsi bəlli olan işi - idmanı üstün tuturam.

İdman.Biz