İngiltərə bu mövsüm Avropanın üç əsas klub turnirinin yarımfinal mərhələsində ən çox təmsilçisi olan ölkədir. Dörd Premyer Liqa klubu müxtəlif turnirlərdə son dörd komanda arasına yüksəlməyi bacarıb.
İdman.Biz Avropa kuboklarındakı son vəziyyəti təqdim edir:
Çempionlar Liqası
“Arsenal” 1/4 finalda Portuqaliya “Sportinq”ini iki oyunun nəticəsinə görə keçərək yarımfinala vəsiqə qazanıb. “Topçular” final yolunda İspaniyanın “Atletiko” (Madrid) klubu ilə qarşılaşacaqlar.
Avropa Liqası
Bu turnirdə İngiltərə finala ən azı bir komanda göndərəcəyini artıq təmin edib. Çünki yarımfinalda iki ingilis klubu - “Aston Villa” və “Nottinqem Forest” üz-üzə gələcək. “Aston Villa” 1/4 finalda İtaliya “Bolonya”sını (ümumi hesab 7:1), “Nottinqem Forest” isə Portuqaliya “Portu”sunu (ümumi hesab 2:1) mübarizədən kənarlaşdırıb.
Konfrans Liqası
“Kristal Palas” İtaliyanın güclü “Fiorentina” klubunu iki oyunun cəmində 4:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. London təmsilçisi bu mərhələdə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qüvvəsini sınayacaq.
Təqvimlər artıq müəyyənləşib və ilk oyunlar aprelin 29-30-da, cavab qarşılaşmaları isə mayın 5-7-də keçiriləcək.
