Rəşad Sadıqov: “Konatenin hərəkətinə görə “Neftçi”dən üzr istəyirəm”

18 Aprel 2026 00:09
150
Rəşad Sadıqov: “Konatenin hərəkətinə görə “Neftçi”dən üzr istəyirəm”

Misli Premyer Liqasının 28-ci turunda doğma meydanda “Neftçi” ilə 1:1 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, Sadıqov futbolçularının sona qədər mübarizə aparmasından razı qaldığını söyləyib.

“İkinci hissəyə yaxşı başladıq, lakin qol buraxmaq məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqədə qol vurduq, bu, mənim üçün qürurvericidir”, - deyə mütəxəssis vurğulayıb.

Rəşad Sadıqov bərabərlik qolundan sonra Brahim Konatenin rəqib skamyası qarşısındakı hərəkəti ilə bağlı “Neftçi” rəhbərliyi və heyətindən üzr istəyib:

“Oyundan sonra “Neftçi”nin oyunçularından üzrxahlıq etdim. Epizodu özüm görməmişdim, amma bildirdilər ki, Konate qolu onların ehtiyat skamyasının yanında aşkar şəkildə qeyd edib. “Neftçi” çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə üzr istəyirəm”.

Qolun ofsayd olub-olmaması ilə bağlı suala isə baş məşqçi belə cavab verib:

“Həmin an nə baş verdiyini tam görmədim, qol epizoduna hələ baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm. İndi bütün diqqətimizi üç gündən sonra keçiriləcək növbəti önəmli oyuna yönəltməliyik”.

İdman.Biz