Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Zirə” - “Neftçi” qarşılaşması dramatik və gərgin anlarla yadda qalıb. Meydan sahiblərinin son dəqiqələrdə vurduğu bərabərlik qolu tərəflər arasında ciddi narazılığa səbəb olub.
İdman.Biz xəbər verir ki, oyunun əsas vaxtına əlavə olunmuş 90+4-cü dəqiqədə “Zirə”nin futbolçusu Brahim Konate hesabı bərabərləşdirib (1:1). Bu qoldan sonra “Neftçi”nin ehtiyat oyunçular skamyasında etirazlar baş qaldırıb.
Baş məşqçi Yuri Vernidubun dördüncü hakimdən VAR-a baxılmasını tələb etməsinə cavab olaraq baş hakim İnqilab Məmmədov ona sarı vərəqə göstərib. Bundan daha da əsəbləşən və idman papağını yerə çırpan ukraynalı mütəxəssis birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Gərginlik bununla bitməyib. “Neftçi”nin futbolçuları VAR-a baxılmasını tələb edərək oyunu başlamaqdan imtina etsələr də, hakim oyunu davam etdirib.
Final fiti səsləndikdən sonra “ağ-qaralar”ın futbolçuları və texniki heyəti hakimlər briqadasına tərəf yönəlib. Təhlükəsizliyi təmin etmək məqsədilə dərhal meydana polis çağırılıb. Vernidubun köməkçisi planşetlə mübahisəli epizodu hakimə göstərməyə çalışsa da, o da qırmızı vərəqə ilə cəzalandırılıb.
