Türkiyə SuperLiqasının 30-cu turunda “Fənərbağça” öz meydanında “Çaykur Rizaspor”u qəbul edib. Gərgin keçən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan matçda hesabı 47-ci dəqiqədə qonaqların heyətində Ali Sou açıb. 72-ci dəqiqədə “Çaykur Rizaspor”un müdafiəçisi Samet Akaydın ikinci sarı vərəqə ilə meydandan qovulduqdan sonra “sarı-lacivərdlilər” təzyiqi artırıblar. 80-ci dəqiqədə Anderson Taliska penalti zərbəsi ilə tarazlığı bərpa edib, 86-cı dəqiqədə isə Kerem Aktürkoğlu komandasını önə keçirib.
Lakin meydan sahibləri üstünlüklərini qoruya bilməyiblər. 90+8-ci dəqiqədə Sagnan “Fənərbağça”nı məyus edərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 67-yə yüksəldən İstanbul təmsilçisi lider “Qalatasaray”dan bir oyun çox keçirməsinə baxmayaraq, ondan bir xal geri qalır. “Çaykur Rizaspor” isə 37 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, “Fənərbağça” növbəti turda derbi matçında “Qalatasaray”ın qonağı olacaq.
Paralel keçən oyunda "Antalyaspor" "Konyaspor"u qəbul edib. Qonaqlar 57-ci dəqiqədə Diqo Qonçalves və 90+6-cı dəqiqədə Melih İbrahimoğlunun vurduğu qolla qələbə qazanıblar.
Qonaqlar xallarını 37-yə çatdıraraq turnir cədvəlində doqquzuncu sıraya yüksəlib. "Antalyaspor" isə 28 xalla 14-cü pillədə qalıb.
