Azərbaycanın Avropadakı yekunları: tamblinqdə iki medal və batutda finallar - İDMAN.BİZ PORTUQUALİYADAN

12 Aprel 2026 23:31
526
Azərbaycanın Avropadakı yekunları: tamblinqdə iki medal və batutda finallar - İDMAN.BİZ PORTUQUALİYADAN

Bu gün, 12 aprel tarixində Portuqaliyada batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı başa çatdı. “Portimao Arena”da son iki gün xüsusilə gərgin keçdi - məhz həmin vaxt həm komanda, həm də fərdi finallar baş tutdu.

İdman.Biz xəbər verir ki, görüşlərin final olduğu dərhal hiss edilirdi: tribunalarda boş yerlər daha az, səs-küy isə daha çox idi.

Müxtəlif ölkələrdən olan azarkeşlər öz komandalarını özünəməxsus şəkildə dəstəkləməyə hazırlaşmışdılar. Britaniyalılar bayraq rənglərində olan papaq və eynəkləri ilə seçilirdilər, niderlandlılar isə tribunadan bayraq əvəzinə böyük narıncı parça asmışdılar (narıncını onların milli rəngi adlandırmaq olar).

11 aprel tarixində bütün komanda finalları keçirildi. Həmin gün Azərbaycan idmançıları tamblinqdə (yeniyetmələr və böyüklər), ikili mini-batutda (yeniyetmələr) və batutda tullanmada (böyüklər) medallar uğrunda mübarizə apardılar.

Böyüklər arasında günün yekun finalları - batut və tamblinq ən intensiv anlar oldu. Hər iki yığmamız demək olar ki, eyni vaxtda çıxış edirdi: bir idmançı batutda proqramı tamamlayarkən, tamblinqçi artıq öz çıxışına hazırlaşırdı. Nümayəndə heyəti yalnız isinmə hərəkətləri zamanı nəfəsini dərə bilirdi. Sonra isə hər şey yenidən başlayırdı: baxış sola - batuta, sağa - tamblinq cığırına.

Hər kəs üçün eyni dərəcədə güclü, lakin fərqli şəkildə həyəcan keçirirdik. Azərbaycan batutu üçün bu, ölkə tarixində Avropa çempionatında ilk komanda finalı idi. Buna görə də Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev və Mehdi Əliyev arenaya çıxmaqla artıq müəyyən mənada qalib gəlmişdilər.

Çıxışlar zamanı tribunalardan müxtəlif məsləhətlər eşidilirdi: kimsə “işlə”, kimsə “sakit”, kimsə isə əksinə “daha kəskin” deyə qışqırırdı. Hamı kömək etmək istəyirdi və heç kim yerində otura bilmirdi.

Lakin bütün dəstək qrupu arasından, güman edə bilərəm ki, idmançılardan birinə səslərdən biri xüsusilə aydın çatırdı. Maqsud Mahsudovu tribunada bacısı - Selcan Mahsudova və ya yaxınlarının çağırdığı kimi Selya dəstəkləyirdi. Onların qarşılıqlı münasibətini və bağını bütün turnir boyu müşahidə etmək mümkün idi.

...Medal qazanmaq mümkün olmadı, lakin debüt finalında dördüncü yer kifayət qədər layiqli nəticədir.

Tamblinq də eyni dərəcədə gərgin keçdi. Burada bizim idmançılarımız artıq heç də yeni başlayanlar deyil, Avropanın fəaliyyətdə olan çempionlarıdırlar. Bu, tamaşaçılardan da hiss olunurdu: bizim tamblinqçilərimizi Avropada tanıyır və sevirlər. İdmançılar mürəkkəb elementlərdən sonra yerə enərkən bütün tribuna bir ağızdan “dayan” deyə qışqırırdı.

Bizimkilər dördüncü çıxış edirdilər, sonuncular isə əsas rəqiblər - danimarkalılar idi. Birinci raund: Tofiq Əliyev hər şeyi təmiz yerinə yetirdi, lakin danimarkalı da həmçinin. İkinci raund - eyni mənzərə. Hər şey üçüncüdə həll olunurdu. Adil Hacızadə elementi əla yerinə yetirir. Danimarka yığmasının sonuncu idmançısı qalır və hər şey həll olunacaq.

Bütün arena sanki donmuşdu.

...Sakitlik. Və birdən danimarkalılar tərəfdən sevinc partlayışı, qırmızı bayraqlar yellənməyə başlayır. Hər şey aydın olur: biz ikinciyik.

İdmançılar məyusdurlar, lakin bizim üçün - nümayəndə heyəti simasındakı azarkeşlər üçün - bu, hər bir halda qürur mənbəyidir. Onlar maksimumu etdilər və bayrağımızı ucaltdılar.

Mükafatlandırmada komanda daha bir məqamla yadda qaldı: baş məşqçi Adil Hüseynzadənin təşəbbüsü ilə idmançılar fəxri kürsüyə çıxmazdan əvvəl yaxınlaşıb artıq orada dayanan bürünc mükafatçıların - Portuqaliya yığmasının əllərini sıxdılar. Onlar həmin gün belə bir jestlə fərqlənən azsaylı, bəlkə də yeganə komanda oldular.

Finalların ikinci günü yarışların son günü oldu.

Bu gün fərdi yarışlarda və sinxron proqramda finallar keçirildi.

Bəzi idmançılar üçün gün ikiqat xüsusi idi - turnirdə ad günü olan bütün atletləri təbrik etmək ənənəsi var idi. Məsələn, britaniyalı Binqem Harri Uilyam yeniyetmələrin tamblinq yarışında “bürünc” qazandıqdan sonra öz şərəfinə həm də “Happy Birthday” mahnısını eşitdi.

Lakin günün əsas hadisəsi, ötən gün olduğu kimi, axşama - böyüklər arasındakı finallara təsadüf etdi.

Əvvəlcə tamblinq. Tofiq Əliyev və Mixail Malkin superfinala (ilk dördlüyə) çıxdılar. İlk üç finalistin çıxışından sonra başa düşürdük ki, artıq Azərbaycanın ən azı bir medalı var. Tofiq ikinci yerdə qərarlaşmışdı, öndə portuqaliyalı Vaşku Pezu idi.

Hər şeyi sonuncu çıxış - Mixail Malkinin çıxışı həll edirdi. Başlanğıc inamlı idi, lakin, əfsus ki, alınmadı. Tribunaların təəccüb dolu nidası hər şeyi sözsüz izah etdi.

...Amma yarışlar davam edir və bizim bayrağımız yenidən fəxri kürsüdə yüksəlir.

Bu qarışıq hissləri - biri üçün sevinci və digəri üçün narahatlığı - daha bir güclü məqam tamamladı.

Vaşku Pezunun qələbəsi və bütün arenanın reaksiyası həqiqətən çoxlarını duyğulandırdı. Qələbələr haqqında oxumaq bir başqa, idmançının bütün zalı ayağa qaldırıb himni onunla birlikdə oxumağa məcbur etməsini görmək isə tam başqa bir şeydir. Evdə, öz ölkəndə, hətta musiqi bitdikdən sonra belə tribunalar oxumağa davam edəndə. Bu, həqiqətən qeyri-adi bir hissdir. Pezu göz yaşlarını saxlaya bilmirdi və onu anlamaq olar: ötən Avropa çempionatında elə burada, Portuqaliyada yeddinci yeri tutduqdan sonra, bu uğur onun üçün xüsusilə əhəmiyyətli oldu.

...Daha sonra batut. Fərdi finallarda Maqsud və Selcan Mahsudovlar çıxış etdilər. Azərbaycan yığması dəstək üçün toplaşmışdı: kimsə çəkir, kimsə məsləhət verir, kimsə sadəcə tribunalardan qışqırırdı. “Davam et, Selya!” - tribunalardan səs gəldi. Arenaya Selcan Mahsudova çıxdı.

İdmançı əla çıxış etdi və hətta “kiss and cry” zonasında tamaşaçılara hava öpüşü göndərdi. Lakin sonrakı reaksiyasından balların onu bir qədər məyus etdiyi görünürdü.

Buna baxmayaraq, hər kəs inanmağa davam edirdi.

Müəyyən məqamda Maqsud potensial mükafatçılar zonasını tərk etdi. Selcan isə son ana qədər orada qaldı, ta ki, sonuncu idmançı onu dördüncü yerə “itələyənə” qədər.

Yenə dördüncü. Yenə medalın bir addımlığında, ötən Avropa çempionatında olduğu kimi.

Selcan məyusluğunu gizlətmirdi. Onun məşqçisi Vladimir Şulikin də həmçinin. Hər tərəfdən dəstək səslənirdi: “Bu, layiqli idi”. Lakin belə məqamlarda sözlər yəqin ki, az kömək edir, xüsusən də çıxışın medala layiq, ən yüksək səviyyədə olduğunu başa düşəndə.

Buna baxmayaraq, bu Avropa çempionatı Azərbaycan batutçuları üçün irəliyə doğru mühüm addım oldu. Demək olar ki, bütün kateqoriyalarda finallar, milli nailiyyətlər: ilk dəfə iki idmançı kişilər arasında Avropa çempionatının yarımfinalına çıxdı (Maqsud Mahsudov və Hüseyn Abbasov), ilk dəfə böyüklərin batut və yeniyetmələrin ikili mini-batut yarışlarında komanda finalları.

Və ən əsası, 2027-ci il Avropa Oyunlarına üç lisenziya.

Beləliklə, bu Avropa çempionatında Azərbaycan batutu üçün əsas nəticə budur – bu, hələ başlanğıcdır.

Və əlbəttə ki, artıq neçə ildir ölkəni beynəlxalq arenada tanıdan Azərbaycan tamblinqini də yeni qələbələr gözləyir.

İdman.Biz