İspaniyanın “Barselona” klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün “Nyukasl”ın vingeri Entoni Qordonu nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçuya Kataloniya klubunun marağı Avropa mediasında geniş müzakirə olunur.
Daha əvvəl “Barselona”nın “Atletiko”nun hücumçusu Xulian Alvareslə maraqlandığı bildirilsə də, bu transferin maliyyə baxımından olduqca çətin olduğu vurğulanır. Bu fonda katalonların mümkün hədəfləri siyahısına Qordon da daxil edilib.
Bir sıra mənbələrin məlumatına görə, “Barselona”nın idman direktoru Deko hazırda İngiltərədədir və “Nyukasl” futbolçusunun transfer imkanlarını araşdırır.
Bildirilir ki, futbolçunun özü də İspaniya klubuna keçid variantına açıqdır. Lakin tərəflər arasında tam razılaşmanın əldə olunduğu hələ qeyd edilmir.
Xatırladaq ki, Qordon UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən ilk matçda "Qarabağ"ın qapısına dörd qol vuraraq pokerlə yadda qalmışdı.
