Bu gün Almaniyanın Leyptsiq şəhərində UEFA Konfrans Liqasının finalı keçiriləcək. Həlledici oyunda İngiltərənin “Kristal Palas”ı ilə İspaniyanın “Rayo Valyekano”su üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, final matçı “Leipzig Stadium”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu final hər iki klub üçün artıq tarixi hadisəyə çevrilib. “Kristal Pelas” və “Rayo Valyekano” daha əvvəl heç vaxt avrokubok qazanmayıb və ilk dəfə UEFA-nın klub turnirinin finalında çıxış edəcəklər. Üstəlik, Madrid təmsilçisi üçün bu, böyüklər səviyyəsində ilk böyük final olacaq.
Rəqiblərin cari mövsümə qədər Avropa təcrübəsi olduqca məhdud olub. “Kristal Palas” daha əvvəl yalnız 1998-ci ildə İntertoto Kubokunda iştirak edib. “Rayo Valyekano” isə buna qədər cəmi bir dəfə - 2000/2001 mövsümündə UEFA Kubokunda çıxış edib, həmin turnirdə 1/4 finala qədər irəliləyərək “Alaves”ə uduzub.
Komandalar indiyədək bir-biri ilə qarşılaşmayıblar. Bu mövsümdə də onların yolları finala qədər kəsişməyib. Buna görə şəxsi görüşlərdə hesab hələ də sıfırdır.
“Kristal Palas”ın finala yolu daha uzun olub. Ümumi mərhələni 10-cu sırada başa vuran ingilislər pley-off mərhələsində ümumi hesabda 3:1 ilə “Zrinski”ni mübarizədən kənarlaşdırıblar. Daha sonra Oliver Qlasnerin komandası Larnaka AEK-ini 2:1 hesabı ilə keçib, 1/4 finalda “Fiorentina”ya 4:2 qalib gəlib, yarımfinalda isə “Şaxtyor”u 5:2 hesabı ilə üstələyib.
“Rayo Valyekano” ümumi mərhələni 5-ci pillədə başa vuraraq birbaşa 1/8 finala yüksəlib. Pley-offda ispanlar “Samsunspor”u 3:2, daha sonra Afina AEK-ini 4:3 hesabı ilə mübarizədən kənarlaşdırıblar. Yarımfinalda isə “Strasburq” üzərində hər iki oyunda üstün olaraq ümumi hesabda 2:0 qalib gəliblər.
Qeyd etmək lazımdır ki, final öncəsi “Kristal Palas”ın heyətində müəyyən problemlər var. Kris Riçards topuq bağlarının zədələnməsindən sonra “50-nin 50-yə” vəziyyətində qiymətləndirilir. Adam Uortonun iştirakı isə “Arsenal”la oyunda aldığı zədədən sonrakı durumundan asılıdır. Bununla belə, Maksans Lakrua və Çadi Riyad artıq Premyer Liqanın son turunda meydana qayıdıblar.
“Rayo Valyekano”nun əsas problemi isə “Strasburq”la cavab yarımfinal oyunu öncəsi isinmə zamanı zədələnən İlias Axomaçın durumudur. İniqo Peres üçün yaxşı xəbər isə komandanın hücum xəttində ən təhlükəli oyunçulardan biri olan Alvaro Qarsiyanın sıraya dönməsidir.
Qlasner üçün bu final “Kristal Palas”ın baş məşqçisi kimi son matç olacaq. O bildirib ki, komandası sadəcə final oynamaq yox, kuboku qazanmaq niyyətindədir. Avstriyalı mütəxəssis qeyd edib ki, qələbə klub tarixində ilk avrokuboku və Avropa Liqasına vəsiqəni təmin edəcək.
Öz növbəsində Peres bildirib ki, “Rayo” emosiyaların öhdəsindən gəlməli və öz oyun üslubunu qoruyub saxlamalıdır. Baş məşqçinin sözlərinə görə, komanda finalın miqyası barədə düşünməməli, turnir boyu onları irəli aparan cəsarətli futbolu nümayiş etdirməlidir.
Yeri gəlmişkən, emosiyalar artıq futbol meydanından kənara da çıxıb. Matçdan əvvəl Leyptsiqin mərkəzində azarkeşlər arasında toqquşmalar baş verib və polis müdaxilə etməli olub. Sosial şəbəkələrdə atılan stulların da yer aldığı kütləvi dava görüntüləri yayılıb. İngiltərəli azarkeşlərdən ibarət bir qrup ictimai asayişi pozmaq şübhəsi ilə Almaniya polisi tərəfindən saxlanılıb.
İndi isə bütün diqqət meydançaya yönələcək. “Kristal Palas” Qlasner erasını ilk Avropa titulu ilə başa vurmağa çalışacaq, “Rayo Valyekano” isə klub tarixinin ən uğurlu avrokubok mövsümünü əsl sensasiyaya çevirmək istəyəcək.
