“Qarabağ”la başa çatan müqaviləsini yeniləməyən Emmanuel Addainin karyerasını növbəti mövsümdə İtaliya A Seriyasında davam etdirəcəyi iddia olunub.
İdman.Biz-in futbolinfo.az-a istinadən verdiyi məlumata görə, 24 yaşlı hücumçu ilə bir neçə klub maraqlansa da, ən ciddi iddia “Bolonya”ya məxsusdur.
Məlumata əsasən, A Seriyası təmsilçisi bir müddətdir Addainin çıxışını yaxından izləyir və futbolçunun meneceri ilə aparılan danışıqlar müsbət nəticələnib. “Bolonya”nın yaxın vaxtlarda transferi rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd olunur ki, qış transfer dönəmində “Qarabağ”ın Addaini satmamasına səbəb həm heyətdə oyunçu sayının azlığı, həm də maraqlanan klubların transfer haqqı ödəmək istəməməsi olub. Qanalı futbolçu hazırda azad agent statusundadır və bu səbəbdən İtaliya klubu onu pulsuz heyətinə qatacaq.
Xatırladaq ki, “Bolonya” bu mövsüm A Seriyasında səkkizinci yeri tutub. Addai isə 2024-cü ildə İspaniyanın “Alkorkon” klubundan “Qarabağ”a transfer olunub.
